
Azərbaycan Şahmat Federasiyasında (AŞF) vitse-prezidentlərin sayı 2-dən 3-ə artırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə AŞF-yə yenidən prezident seçilən Mahir Məmmədov qurumun XXV Konfransında qəbul olunmuş qərarlar barədə danışarkən deyib.
O bildirib ki, Nizamnamədə dəyişiklik edilərkən, iş həcmi nəzərə alınaraq belə bir addım atılıb: "Keçmiş İcraiyyə Komitəsinin üzvləri istefa verdi və yeni heyət seçildi. Şahmatımızın patriarxı, görkəmli şahmat xadimi Faiq Həsənov I vitse-prezident, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov və iş adamı Yaqub Hüseynov vitse-prezident, Aynur Sofiyeva, Sərxan Həşimov və Elnur isə üzv seçildilər. Beləliklə, çox işgüzar heyət formalaşdı".
M.Məmmədov konfransda çox vacib məsələlərə baxıldığını söyləyib: "Bunlardan ən vacibləri 2021 - 2025-ci illər üçün hesabatın dinlənməsi, 2025-ci ilin büdcəsinin qəbul olunması, eləcə də federasiya rəhbərliyinə seçki idi. Göstərilən etimada və məni yenidən bu vəzifəyə seçdiklərinə görə şahmat ictimaiyyətinə, konfrans üzvlərinə dərin minnətdarlığımı bidirmək istərdim. Söz verirəm ki, bu etimadı doğruldum".
AŞF prezidenti ümid etdiyini bildirib ki, bundan sonra da Azərbaycan şahmatının qarşısındakı yeni vəzifələr, çağırışlar daha da inkişaf etdiriləcək: "Bunun üçün hər cür şəraitimiz, yeni normativ sənədlər var. Normativ sənədlər bazası təkmilləşdirildi. Xüsusən, Uşaq və Gənclər Komissiyasının işinə yeni bir vüsət verilir. Şahmatçılara dəstək proqramına bir daha baxıldı. Bu, işimizdə böyük nailiyyətdir. Etik Davranış Qaydalarına da yeni həyat verildi. İntizam Komissiyasının nizamnaməsi formalaşdı və təsdiqləndi. Böyük iş günü oldu və bununla da federasiyamız 25-ci Konfransını başa çatdırdı".