
UFC-nin prezidenti Dana Uayt Bakıda keçirilən turnirdən sonra ona qarşı olan tənqidlərə cavab verib.
Sportnet.az xəbər verir ki, 56 yaşlı funksioner azərbaycanlı Tofiq Musayevi məğlub edən qırğız Mıktıbek Oralbayın bonusa layiq olmadığını açıqlayıb.
"Orolbay üçün bonus? 4,5 kq artıq çəki ilə biabır olan oğlan üçün? O, yanıma gəldi və bir gün çempion olmaq niyyətində olduğunu söylədi. Mən də ona əvvəlcə çəkisini müəyyənləşdirməyi tövsiyə etdim", - deyə Uayt deyib.
Musayevlə Oralbay arasındakı döyüş 70 kq çəki həddində keçirilməli olsa da, 75,8 kq-a qədər çəki dərəcəsində baş tutub. Orolbayın əvvəlki döyüşü də artıq çəkidə olub. O, tərəzidə 72,1 kq göstərib.
Qeyd edək ki, Tofiq Musayev rəsmi çəkiölçmədən bir gün öncə rəqibinin artıq çəkidə olduğunu öyrənib. UFC nümayəndələri Musayevə döyüşün təxirə salınmasını təklif etsələr də, o, bununla razılaşmayıb. Azərbaycanlı döyüşçü bir gün ərzində 3 kq çəki artıraraq görüşün təşkil olunmasına şərait yaradıb.
İyunun 21-də keçirilən döyüşdə Mıktıbek Oralbay ilk raundda Tofiq Musayevi ağrıdıcı fəndə salaraq təslim olmağa məcbur edib.