72 kq çəki dərəcəsində Azərbaycan çempionu olan yunan-Roma güləşçisi Fərahim Mustafayevin Sportnet.az-a müsahibəsi
- Yarış sizin üçün necə keçdi?
- Azərbaycan çempionatını belə yüksək səviyyədə keçirdiyi üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası başda olmaqla, əməyi olan hər kəsə təşəkkür edirəm. Mübarizə çətin keçdi. Bu, 72 kq çəki dərəcəsində ilk yarışım olsa da, uğurlu alındı. Əvvəllər daim 67 kq çəkidə çıxış edirdim. Sevinirəm ki, 72 kq-da da uğur qazandım. Bunun arxasında böyük əziyyət, məşqçi-müəllimlərimin dəstəyi dayanır. Bundan sonrakı hədəflərim daha böyükdür. Məşqçilərimiz hər hansı yarışda çıxış etməyimə qərar versə, daha böyük nailiyyətlər əldə etməyə çalışacağam.
- Rəqibləriniz barədə nə deyə bilərsiniz?
- Hər kəs Azərbaycan çempionatına maksimum hazırlaşır ki, milli komandanın tərkibinə qatılsın və daha böyük arenalarda çıxış etsin. Mən də bu yarışa yüksək səviyyədə hazırlaşmışdım. Nəticədə əməyimin bəhrəsini gördüm. Bundan sonra da belə davam etmək istərdim.
- Bundan sonra hansı yarışlarda çıxış edəcəyinizi gözləyirsiniz?
- Bunu mən yox, millimizin məşqçilər heyəti bilir. Onlar hansı qərarı versələr, mən də ona uyğun maksimum səy göstərəcəyəm.
- 2026-cı ildə şəxsi hədəfləriniz nədən ibarətdir?
- Avropa və dünya çempionu olmaq, böyük arenalarda qızıl medallar qazanmaq istərdim. Hər bir idmançı kimi mənim də arzum olimpiya çempionluğudur.
- Azərbaycan çempionatında bəzi güləşçilər iştirak etmirdilər. Onlardan kimi əsas rəqibiniz kimi görürdünüz?
- Bu çəkidə Ülvi Qənizadə Avropa və ikiqat dünya çempionudur. Təlim-məşq toplanışlarında onunla işləyirəm. Bu çəkidə bərkiməyimdə onun kimi idmançıların da rolu çox böyükdür. Mən də onların səviyyəsinə çataraq, hətta onlardan da yaxşı nəticələr qazanmağa çalışacağam.
- Buradan Ülvi Qənizadəyə çağırış göndərmək istəyirsiniz?
- (gülür - red.) Buna çağırış deməzdim. Amma dediyim kimi, onlardan da yaxşı nəticələr qazanacağam.
- Qeyri-olimpiya çəkisinə keçməyi özünüz istədiniz
- Açığı, şəxsi məşqçim belə qərar verdi. Bu çəkiyə uyğunlaşdıqdan sonra 77 kq-a keçərək, orada möhkəmlənmək və Yay Olimpiya Oyunlarında çıxış etməyi arzulayıram.
- Cəmi 2 il qaldığını nəzərə alsaq, 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarında çıxış etməyiniz çətin görünür...
- Bunu zaman göstərəcək. 72 kq çəkidə çıxış etməyə çempionata 20 gün qalmış qərar verdik. Buna baxmayaraq, Azərbaycan çempionu oldum. Halbuki 72 kq-da ilk dəfə güləşirdim. Ona görə də hər şeyi vaxt göstərəcək. Düzdür, qarşıdakı olimpiadaya hazırlıq baxımından 2 il vaxt azdır. Amma inanıram ki, yaxşı olacaq.
- "Neftçi" klubunda məşq etməyinizə necə şərait yaradılıb?
- Deyərdim ki, "Neftçi" Azərbaycanın ən güclü klubudur. Bəli, klubumuzda məşqlər yüksək səviyyədə keçirilir. Amma biz daha çox Azərbaycan yığmasının tərkibində təlim-məşq toplanışlarında oluruq. Məhz orada daha səviyyəli güləşçilərlə hazırlıq prosesi keçirik.
- Bəs klubun məşqçiləri sizinlə işləməyə vaxt tapmırlar?
- Bəli. Azərbaycan çempionatına iki ay qalmış hər kəs yığmanın düşərgəsindən buraxılır və yarışa şəxsi məşqçilərin yanında hazırlaşırlar.
- Qazandığınız 1000 manat pul mükafatını Azərbaycan çempionatı üçün normal saymaq olarmı?
- Min bərəkət (gülür - red.). Nə deyim? Normaldır. Təkcə bu baxımdan yox, federasiyamız bizə hər cür şərait yaradıb. Sağ olsunlar. Yarışın təşkilatçılığı da bizə necə dəyər verilməsinin göstəricisidir.
- Ülvi Qənizadə 2025-ci ildə də dünya çempionu olub və ola bilər ki, qarşıdakı Avropa çempionatında da ona istirahət verilsin. Bu halda, sizin qitə çempionatında iştirakınız mümkündür?
- Hər şey yoxlama turnirlərində bilinəcək.
- Yəni, Ülvi Qənizadənin Avropa çempionatında iştirak ehtimalı var?
- Əlbəttə!
Elşən MƏMMƏDOV














































































