Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullunun Sportnet.az-a müsahibəsi
- 2025-ci ili necə dəyərləndirirsiniz?
- Ötən il bizim üçün bir çox məsələlərə görə keçid ili idi. Yeni qaydalara uyğunlaşma, komandadakı zədəli cüdoçuların sağalmaları və bərpa olunmaları, mümkün nəsil dəyişikliyi kimi amillər var idi. Böyüklər arasında əsas yarışlarda qızıl medallarımız olmasa da, Avropa çempionatında 5 medal əldə edərək, indiyəqədərki rekordu təkrarladıq. Ən əsası da odur ki, cüdoçularımızdan 4-ü karyeralarında ilk dəfə medal qazandı. Eynilə, dünya çempionatında medala yiyələnən 3 cüdoçudan 2-si ilk dəfə bu səviyyədə fərqləndilər. Digər önəmli məqam bu medalların hər birinin ayrı-ayrı çəki dərəcələrində qazanılmasıdır. Yəni, Avropa çempionatında 7 çəkidən 5-də - 60 kq, 73 kq, 81 kq, 90 kq və 100 kq-da medal qazandıq. Dünya çempionatında isə 81 kq, 90 kq və 100 kq-da mükafatçılar sırasına düşdük. Əslində bunlar heyətin dərinliyini və komandanın stabil olaraq, qızıl medal əldə etmə potensialını göstərir. Amma təbii ki, əsas məqsədlərimizdən biri qızıl medal qazanmaqdır.
- Ötən il bütün yaş qrupları üzrə müəyyən nailiyyətləriniz oldu. Bəs çatışmazlıqları aradan qaldırmaq üçün hansı addımları atırsınız?
- Təbii ki, ötən il müəyyən uğurlar oldu və müəyyən çatışmazlıqları gördük. Çatışmazlıqların aradan qaldırılması üçün səylərimizi davam etdiririk. Onu da qeyd edim ki, federasiya olaraq, yeniyetmələrin nəticələrini əsas prioritet kimi qəbul etmirik. Bu, o demək deyil ki, yeniyetmə cüdoçularımız beynəlxalq yarışlarda medallar uğrunda mübarizə aparmayacaqlar. Aparacaqlar, amma əsas prioritet onların sağlam şəkildə inkişafına dəstək olmaq, cüdo təhsillərini, texniki-taktiki hazırlıqlarını inkişaf etdirməkdir. Bu yaşda medal dalınca qaçsaq, onların bir çoxunu "yandıraraq", vaxtından əvvəl psoxoloji və fiziki yüklənmə baxımından sıradan çıxarmış olarıq. Ona görə də bu yanaşmanı tam dəyişmişik.
- Yeni yanaşmanız necə olacaq?
- Yeniyetmələr kateqoriyası 3 ili əhatə edir. Məsələn, bu il 2009 - 2011-ci illərdir. Biz 2011 və 2010-cu illərdə olan istedadlıları müəyyənləşdirmək üçün üçün fevral-mart aylarında iki yarış keçirəcəyik və onlar üçün ayrıca komanda formalaşdıracağıq. Çünki 2027-ci il 2010-cu il təvəllüdlü yeniyetmələrin son ili olacaq. Vaxt itirməmək üçün indidən “İstedadların seçimi” yarışını təşkil edəcəyik. Hazırda yeniyetmələrdən ibarət komanda üzvlərinin 80 faizi 2009-cu il təvəllüdlülərdir. 2010-cu il təvəllüdlülər kənardadırlar və bu da normaldır. Çünki bir il çox böyük fərq deməkdir. Seçim yarışlarında, adətən, 2009-cu il təvəllüdlülər qalib gəlirlər və milli komandaya seçilirlər. O biri uşaqları isə biz görmürük. Onlar öz klublarında məşq edirlər və sistemli öyrədilmə prosesini keçmirlər. Ona görə də biz 2010 və 2011-ci il təvəllüdlülərin seçim yarışını ayrı-ayrılıqda edəcəyik və onları həftədə 3-4 dəfə mərkəzləşdirilmiş qaydada məşqlərə cəlb edəcəyik. Onların ayrıca məşq proqramları olacaq. Bundan ötrü ki, yeniyetmələrin son ilinə daha hazırlıqlı olsunlar.
- Eyni addımı gənclərə münasibətdə də atacaqsınız?
- Bəli. Cüdoda bu kateqoriya 2006, 2007 və 2008-ci illəri əhatə edir. 2006-cı il təvəllüdlülər gənclər üzrə sonuncu yaş kateqoriyasında nəticə verməlidirlər. Biz də onların hansı nəticələri verdiklərini və böyüklərin mübarizəsinə nə dərəcədə hazır olduqlarını görməliyik. 2007 və 2008-ci il təvəllüdlülərə gəldikdə, daha çox onların cüdosunu necə inkişaf etdirməyi fikirləşməliyik.
- Cüdoda çəkisalma problemini necə həll edirsiniz?
- Gənclər kateqoriyasında önəmli məsələlərdən biri həddindən artıq çəkisalmanın qarşısını almaqdır. Biz milli komandada hazırda bu problemi böyük ölçüdə həll etmişik. Məşqçilər də bilirlər ki, onlar daxili yarışlarda çəki salmış uşaq qələbə qazansa belə, milli komandada çəkisinin həddindən artıq çox olduğunu gördükdə, onu avtomatik daha yuxarı çəki dərəcəsinə keçirməyə qərar veririk. Biz ilk növbədə, uşağın sağlamlığını düşünürük. Həmin yaşda uşaqların müntəzəm çəki salmaları onların psixoloji, mental, fizioloji baxımdan sağlamlıqlarına ciddi, mənfi təsir göstərir. Sonradan biz onları elit idmançı kimi yetişdirməkdə çətinlik çəkirik. Həddindən artıq çəki salınması gələcəkdə xroniki zədələrə böyük əsas yaradır, uşaqlar xroniki zədələnmələrə məruz qalırlar. Çünki çəki salanda bədən, onun müqaviməti zəifləyir və tez-tez zədələnmələr baş verir. Nəticədə cüdoçular yeniyetmə və gənc yaşlarında nəticələr versə də, böyüklərin mübarizəsində psixoloji baxından idmandan iyrənir, çoxlu zədə alır, çəkisi düzgün oturmur. Biz onu inkişaf etdirmək istəsək də, bu, alınmır, texniki-taktiki hazırlığına diqqət yetirə bilmirik. Bu zaman çəkisini qaldırmaq da mümkün olmur. Ona görə də bunların vaxtında düzgün yanaşma ilə edilməsi vacibdir ki, hədəfə doğru addım-addım irəliləyə bilək.
- Bu sahədə nümunəniz varmı?
- Gözəl bir nümunə olaraq, Nihad Məmişovu göstərə bilərəm. O, ilk ilində yeniyetmələr arasında 50 kq-da dünya çempionu oldu, növbəti il 55 kq-da bunu bacardı. Ötən il gənclər arasında 60 kq-da Avropa çempionu adını qazandı. Bu il isə 66 kq-da çıxış edəcək. Yəni, hər il bir çəki kateqoriyası dəyişib. Fikrimcə, bu, hələ sonuncu deyil. Gələn il olmasa da, Los-Anceles-2028 olimpiadasından sonra 73 kq-a da qalxa bilər. Yəni, bu idmançı addım-addım fizioloji baxından inkişaf edir. "Sən 60 kq-da qalmalısan" deyə saxlaya bilmərik. 65-66 kq çəkisi olan idmançının hər yarışdan əvvəl 6 kq çəki salması bilirsinizmi nə deməkdir? Biz gənclərdə nəticə verə bilərik, amma böyüklərdə bir çox istedadlı idmançını yandırmış olacağıq. Ola bilər ki, Məmişov bu il nəticə verməsin. Bu, o qədər də vacib deyil. Vacib olanı onun cüdoçu kimi inkişaf etməsi, oturuşmasıdır. Çünki hələ gənclər kateqoriyasında iki ili var. Bu cür nümunələrimiz çoxdur. Neçə ildir 60 kq-da çıxış edən Turan Bayramov artıq 66 kq-a keçməyə qərar verdi. Bunların hamısı məşqçilər və tibbi heyətinin ümumi müzakirəsi və idmançının özü ilə apardığı söhbətdən sonra verilən qərardır.
- Cüdonun kütləviləşdirilməsi istiqamətində işləriniz necə gedir?
- İndi hamı milli komandalara fokuslanır. Amma fikrimcə, federasiyalar üçün əsas və öncül məsələ idman növünün kütləviləşdirilməsi naminə görülən işlərdir. İnfrastrukturun genişləndirilməsi, şəraitin yaxşılaşdırılması, xüsusən, məşqçilərin təhsili istiqamətində kompleks işlər görmüşük və görməyə davam edirik. Hazırda ölkə üzrə cüdo ilə məşğul olanların sayı 22 000 nəfəri ötüb. Hədəfimiz 2028-ci ilin sonunadək 36 000 nəfərə çatmaqdır. Yenə də həmin hədəfi qarşımıza qoymuşuq. Bu istiqamətdə fəaliyyətimizi 2026-cı ildə də davam etdirəcəyik və daha da genişləndirmək niyyətindəyik. Ümidvaram ki, yaxşı, uğurlu işlər ortaya qoyacağıq.
- Məşqçi hazırlığı baxımından vəziyyət necədir?
- Zal qurmaq asandır, amma uşaqlar üçün yaxşı məşqçi də olmalıdır. Əks halda, yaxşı zal qurmağın da heç bir mənası yoxdur. Zalların açılması və məşqçilərin yetişdirilməsi, mövcud məşqçilərin təhsilinin, səviyyəsinin yüksəldilməsi paralel getməlidir. Bu işlərin hamısı paralel aparılacaq və cüdonun kütləviləşdirilməsi istiqamətində fəaliyyətimiz davam edəcək.
- Kütləvilikdən rəqabət yaranır, rəqabətdən isə yaxşı idmançı üzə çıxır. Lakin cüdoda bəzi çəkilərdə aşkar lider var, amma xüsusən aşağı çəkilərdə Avropa və dünya səviyyəlilərin sayları çox olsa da, onların içərisindən ən ali yarışlarda yüksək əyarlı medallar qazanacaq aşkar lider ortaya çıxmır...
- Hazırda öz çəkilərində konkret aşkar lider 100 kq-da Zelim Kotsoyev və 81 kq-da Zelim Tçkayevdir. Digər çəkilərdə aşkar liderimiz yoxdur.
- Hidayət Heydərov 73 kq çəkidə aşkar lider deyil?
- O, yenidən aşkar lider olduğunu ilk növbədə, özünə sübut etməlidir. Təbii ki, həm reytinqcə, həm də əldə etdiyi nəticələr baxımından Hidayət Azərbaycanda öz çəkisinin bir nömrəlisidir. Bilirəm ki, Hidayətdən, ilk növbədə, özünün, daha sonra bizim və ümumilikdə Azərbaycan idman ictimaiyyətinin gözləntisi daha çoxdur. Özü də bunu bilir və bu istiqamətdə hazırlıqlarını davam etdirir.
- 60 kq və 66 kq çəkilərdəki bu problemin səbəbini nədə görürsünüz və necə çözmək fikrindəsiniz?
- Aşağı çəkilərdə çox maraqlı tendensiya var: Nədənsə belə fikirləşirlər ki, Azərbaycanda aşağı çəkilərdəki idmançılar güclüdürlər. Digər növləri bilmirəm, cüdoda bu, belə deyil. Faktlar var. Götürün, elə olimpiadalarda qazanılmış bütün medallara baxın. Nazim Hüseynovun Barselona-1992 olimpiadasında 60 kq-da qazandığı qızıl medalı kənara qoyuram. Qalan bütün hallarda medallarımız 73 kq və 100 kq-da qazanılıb. 73 kq-da Elnur Məmmədli, Rüstəm Orucov və Hidayət Heydərov, 100 kq-da Mövlud Mirəliyev, Elmar Qasımov və Zelim Kotsoyev fərqləniblər. Dünya və Avropa çempionatlarının medallarına baxın, demək olar ki, eyni vəziyyətdir. Bunların səbəbi odur ki, aşağı çəki dərəcələrində dünya səviyyəsində rəqabət daha yüksəkdir. Yəni, Asiya ölkələri çox güclüdürlər. Avropa çempionatlarında aşağı çəki dərəcələrində nəticələrimiz nisbətən daha yaxşı olsa da, dünya çempionatlarında sonuncu dəfə 2021-ci ildə Kəramət Hüseynov bürünc medal qazanıb. Ondan əvvəl isə 2017-ci ildə Orxan Səfərov gümüş medalçı olub.
- Sizcə, bu qədər uzun ara nə ilə əlaqədar?
- Çünki aşağı çəkilərdə Yaponiyanın dominantlığı var. Məsələn, 2025-ci il dünya çempionatında həm 60 kq-da Əhməd Yusifov, həm də 66 kq-da Ruslan Paşayev Yaponiya təmsilçisinə uduzdular və hər iki rəqib sonda qızıl medal qazandı. Biz bunu başa düşürük. Xüsusən, 66 kq-da çoxsaylı cüdoçularımız - Ruslan Paşayev, Nizami İmranov, Məhəmməd Musayev, Nihad Məmişov, Yaşar Nəcəfov, Rəşad Yelkiyev, Hüseyn Allahyarov kimi cüdoçularımız var. Bu qədər sayın olması həm də süni çəkisalmaya qarşı olmağımızdan irəli gəlir. Yəni, bir çoxunun çəkisi 66 kq-a qalxıb. 60 kq-da isə 2 əsas cüdoçumuz qalıb - Əhməd Yusifov və Balabəy Ağayev. Əsas məsələ odur ki, daxili rəqabəti gücləndirəcək yeni adların komandaya gətirilməsinə çalışmalıyıq. Əminəm ki, 66 kq-da olimpiadaya çox güclü namizədlə gedəcəyik. Bu çəkidə medal qazanmaq üçün doğrudan da real şansımız var. Builki dünya çempionatında isə 66 kq-da ən azı bürünc medala iddialı ola bilərik. Mundialda bu, 60 kq-da da mümkündür. Lakin olimpiadaya hazırlıq prosesində ən aşağı çəkidə rəqabəti gücləndirməliyik.
- Bəs digər çəkilərdə vəziyyət necədir?
- 73 kq, 81 kq, 90 kq və hətta 100 kq-dan yuxarı çəkilərdə rəqabət formalaşmağa başlayıb. 81 kq-da Zelim Tçkayev, Ömər Rəcəbli, Süleyman Şükürov və Vüsal Qələndərzadə, 90 kq-da Elcan Hacıyev, Murad Fətiyev, Vüqar Talıbov və Aslan Kotsoyev var. 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov və gənclərdən böyük potensiala malik Ramazan Əhmədov kimi cüdoçularımız var. Əminəm ki, ən ağır çəkidə yaxın illərdə böyük potensiallı idmançılarımız ortaya çıxacaq. Əsas problemli çəkilərdən biri 100 kq-dır. Burada Əjdər Bağırov kimi ümidverən cüdoçumuz olsa da, biz hələ də onun potensialını tam realizə etdiyini görmürük. Ümid edirəm ki, bu il potensialını göstərə biləcək. Belə deyək, beynəlxalq səviyyədə uğurlu olmaq istəyirsinizsə, ilk növbədə, daxili rəqabəti gücləndirməlisiniz. Hansı çəkidə rəqabət güclü olacaqsa, həmin çəkidə olimpiada və dünya çempionatlarında medal şansımız daha yüksək olacaq. Amma digər çəkilərə nisbətən aşağı çəkilərdə heç vaxt uğurlu olmamışıq. Bəli, müəyyən nailiyyətlərimiz olub, amma bunlar müntəzəm xarakter almayıb.
- Aşağı çəki dərəcələrindəki cüdoçuların bundan yuxarı həddinin olmaması ehtimalı sizi qorxutmur?
- Hər bir idmançının karyerasında pik dövrü olur. Bu, adətən 2 il çəkir. Kimsə onu uzada bilər. Ağır çəkililərdə bu, daha yetkin yaşlarda baş verir və daha uzun çəkir. Amma aşağı çəkilərdə pik dövrlər daha tez - 24 - 26 yaşlarında olur. Kimin pik dövrü olimpiya ilinə düşsə, olimpiadada medal qazana bilir. Biz indidən deyə bilmərik ki, hansısa cüdoçu iki ildən sonra nə cür formada olacaq. Hamıya şans verir, eyni şəraiti yaradırıq. Burada çox əsas məsələ istedaddan daha sistemli və intizamlı şəkildə, peşəkar yanaşma ilə baş məşqçinin proqramını yerinə yetirməkdir. İstedad da varsa, lap yaxşı. Amma əmin olun ki, bu, həmişə belədir: ağır zəhmət istedada qalib gəlir.
- Milli komandanın baş məşqçisi Riçard Trautman bütün çəkilərdəki cüdoçuları dünya səviyyəsinə çatdıra biləcəyinə söz verirmi?
- O, öz işinin proqramını qurur. Trautman heç bir idmançı barədə "Bundan o tərəfi yoxdur" sözlərini demir. Çünki bu, düzgün deyil. Bir nümunə deyim: Diyetoloq proqram verir ki, bunu icra etmək lazımdır. Biz haradan bilək ki, idmançı gecə saat 12-də soyuducunu açıb nə yeyəcək? Yaxud səhər saat 8-də məşqi başlayırsa, 7:30-da yuxudan oyanmamalıdır. Daha tez oyanmalıdır ki, özünə gəlsin. 8-9 saatlıq yuxusunu almayıbsa, gecə saat 3-dək oyun oynayıbsa, ona necə nəzarət etmək olar? Yetkin insanlardırlar, telefonlarını əllərindən alası deyilik ki?! Bu məsələdə idmançılarımız peşəkar deyillərsə, baş məşqçi nə etsin? Sizi tam əmin edir və tam məsuliyyətimlə deyirəm ki, federasiyanın yaratdığı şəraitin qarşılığında məşqçilərimizin verdikləri proqrama hamı bir nəfər kimi peşəkarcasına əməl etsə, olimpiadada hər biri medal qazana biləcək qabiliyyətdədir.
- İddialı açıqlamadır...
- Bu sözlərimi istənilən yerdə istənilən mütəxəssislə müzakirə etməyə hazıram. Təkcə cüdoda yox, digər növlərdə də ən böyük məsələmiz idmançıların işlərinə peşəkar yanaşmalarının aşağı səviyyədə olmasıdır. Bir nümunə də deyim: 2025-ci ilin fevralında keçirdiyimiz Böyük Dəbilqədən sonra bəzi ölkələrin komandaları Bakıda qalaraq, bir həftədən sonra Daşkənddəki analoji yarışa yollandılar. Onlardan biri Almaniyanın qadınlardan ibarət komandası idi. Özüm müşahidə apardım: fiziki hazırlıq məşqinə idmançının özü gəlir, proqramını çıxarıb qarşısına qoyur və məşqini edirdi. Onun nə yanında məşqçisi, nə də başının üstündə duran bir şəxs var idi ki, proqramı yerinə yetirməsinə nəzarət etsin. Bizdə isə bəzən zalda 6 məşqçi olur ki, fiziki hazırlıq proqramının düzgün yerinə yetirilib-yetirilməməsinə nəzarət etsin. Tam səmimi deyirəm: Ən böyük məsələmiz budur.
- Bu problemi necə həll etmək fikrindəsiniz?
- Yeniyetmələrdən başlayaraq, təfəkkür tərzini dəyişməyə çalışırıq. Amma bunlar illərdir gələn məsələdir. Bu yalnız idmanda deyil, digər sahələrdə də belədir. Bir işçinin başının üstündə dayanmasan, iş keyfiyyətlə görülmür. Sanki bu, bizim xarakterdədir. Məsələ onda deyil ki, saat 8-də başlayan məşqdə vaxtında olasan. Bu, minimumdur. Zatən olmalısan. Amma məşqədək düzgün qidalanmısanmı, gecə normal yatmısanmı, evdəki problemlərini orada saxlayaraq, məşqə tam fokuslanmış, konsentrasiyalı gələ bilmisənmi? Məsələ bundan ibarətdir. Yenə deyirəm: Federasiyamızın yaratdığı tibbi, vitaminləşmə, qidalanma şəraiti, təlim-məşq toplanışları, məşqçilərimizin verdikləri proqramla hətta orta səviyyədə istedadlı gördüyümüz cüdoçular işlərinə peşəkarcasına yanaşsalar, deyilənləri birəbir icra etsələr, sizi tam əmin edirəm ki, hər birinin Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında medal potensialı var.
- Amma bunu da nəzərə almaq lazımdır ki, artıq bütün dünya Azərbaycan cüdoçularına daha ciddi yanaşırlar...
- Həmişə ciddi yanaşıblar, indi isə daha ciddi yanaşırlar. Təbii ki, Azərbaycan cüdosunun müəyyən ənənələri olub. Artıq cüdoçularımızı daha çox analiz edirlər. Təbii ki, biz də eyni qaydada onları analiz edirik. Yəni, bunlar normal haldır.
- Özbəkistan yığmasının gələn həftə Bakıya gələcəyini dediniz. Bunu onların özləri istədilər?
- Bəli. Amma təkcə onlar gəlmirlər. Ötən il aralarında Qazaxıstan, Almaniya, Macarıstan, İsveçrə də olmaqla, 15-dək ölkə birgə təlim-məşq toplanışına təşrif buyurub. Biz də xaricə toplanışlara gedirik. Cüdoda yarışlardan əvvəl sparrinqlər çox önəmlidir. Fərqli-fərqli cüdoçularla məşq keçməlisiniz ki, yarışlar vaxtı müxtəlif situasiyalara hazır olasınız. Zalımızdakı vəziyyət yaxşıdır, eyni vaxtda çoxlu sayda cüdoçu məşq keçə bilir. Amma hər gün eyni idmançılarla məşq etməklə artıra bilməzsiniz. Gərək fərqli-fərqli cüdoçularla məşq edəsiniz. Bunlar qarşılıqlı anlaşma şəraitində olur. Ötən il biz Braziliyada, onlar burada oldular. Yaxud Yaponiya yığması gəlmişdi, bir həftə məşq keçdi. Onların arasında 60 kq-da Asiya və dünya çempionu Rüdzü Naqayama da var idi. İlin əvvəllərində bunu məşqçilər öz aralarında danışırlar və proses razılaşma şəklində gedir.
- 2026-cı il Azərbaycan cüdosu üçün əlamətdar il olacaq. Xüsusən ona görə ki, dünya çempionatı Bakıda keçiriləcək. Bu və digər amilləri nəzərə alaraq, hazırlığınızı hansı istiqamətdə qurmusunuz? Demək olarmı ki, daha çox ölkədaxili hazırlığa üstünlük verəcəksiniz?
- Xeyr. Əksinə, hazırlığımız həmişəki qaydada gedir. Planımız yalnız bu ili əhatə etmir, 4 illikdir. Təbii ki, ölkə daxilində də təlim-məşq toplanışlarımız olacaq. Amma cüdoda rəqabət qabiliyyətli olmaq üçün çoxsaylı beynəlxalq toplanışlarda və yarışlarda iştirak etməlisiniz. Dünya çempionatına təsdiqlənmiş proqram əsasənda hazırlaşacağıq. 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına təsnifat xalları verən yarışlar iyundan başlayacaq. Bu da özlüyündə önəmlidir. Həmin yarışlarda aktiv iştirak etməliyik. Çalışmalıyıq, ilk ilimizdə xal ehtiyatımızı elə quraq ki, sonrakı illərdə daha rahat olaq. Yəni, ikinci ilimizdə çox da gərginliyə düşmədən xalımızı təmin edək. Ən önəmlisi, olimpiadaya yollanarkən, hər bir çəkidə ilk "8-lik"də, hətta ilk "4-lük"də olmağa can atmalıyıq. Bütün hesablamalar göstərir ki, adətən, bütün medalların 75 faizini reytinqdə ilk "8-lik"də olanlar qazanırlar. Ona görə də bütün yarış strategiyamızı buna uyğun qurmuşuq. Dünya çempionatı isə təbii ki, ölkəmizdə keçiriləcəyi və lisenziya xalları verəcəyinə görə bizim üçün önəmlidir. Məşqçilər heyəti və idmançılar da bunun məsuliyyətini çox yaxşı başa düşür və səylə hazırlaşmağa davam edirlər. Ümid edək ki, idmançıların ümumi hazırlığına mənfi təsir göstərən müəyyən zədələr olmasın. Təəssüf ki, bundan qaçmaq da olmur. Ümid edirik ki, zədələr cüdoçularımızın hazırlıq prosesinə mənfi təsir göstərməyəcək və onlar pik formalarına çatacaqlar.
(davamı olacaq)

















































































