Hokkey üzrə 2026-cı il dünya çempionatının qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İsveçrənin Sürix şəhərindəki "Swiss Life Arena"da keçirilən final oyununda Finlandiya yığması İsveçrəni məğlub edərək qızıl medallara sahib çıxıb.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Oyunun taleyini əlavə vaxtda vurulan yeganə qol həll edib. Finlandiya millisinin hücumçusu Konsta Helenius komandasına qələbə qazandıran qola imza atıb – 1:0.
Beləliklə, Finlandiya tarixində beşinci dəfə dünya çempionu olub. Skandinaviya təmsilçisi daha əvvəl 1995, 2011, 2019 və 2022-ci illərdə də bu uğura nail olmuşdu.
İsveçrə isə dünya çempionatlarında ilk qızıl medal həsrətini davam etdirib. Komanda tarixində altıncı dəfə gümüş medallarla kifayətlənib. İsveçrəlilər daha əvvəl 1935, 2013, 2018, 2024 və 2025-ci illərdə də finalda məğlub olmuşdular.
Bürünc medal uğrunda görüşdə isə Norveç yığması Kanadanı əlavə vaxtda 3:2 hesabı ilə üstələyərək tarixində ilk dəfə dünya çempionatının mükafatçısı olub.
Qeyd edək ki, mundialın qrup mərhələsində 16 komanda iki qrupda mübarizə aparıb. Hər qrupdan ilk dörd yeri tutan yığmalar pley-offa yüksəlib. Sonuncu pillələri tutan Böyük Britaniya və İtaliya yığmaları isə I A divizionuna yuvarlanıblar.


































































