Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti Hesabat Konfransı keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AŞF-nin prezidenti Mahir Məmmədov qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov isə bildirib ki, Azərbaycan şahmatında böyük nailiyyətlər əldə olunub.
Ardından prosedura uyğun olaraq məlumat verilib ki, Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.
AŞF prezidenti, İcraiyyə Komitəsinin sədri Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair hesabatla çıxış edib.
Sonra hesabat ilində Azərbaycan şahmatında yaşanan hadisələri əks etdirən videoçarx təqdim olunub.
AŞF-nin müfəttişi Rauf Hacılı 2025-ci il üzrə büdcə hesabatıyla çıxış edib. Müzakirədən sonra büdcə hesabatı təsdiq olunub.
Eyni zamanda federasiyanın 2026-cı ildəki büdcəsi ilə bağlı məlumat verilib.
AŞF-nin yeni loqosunun və yenilənən veb-saytı konfrans iştirakçılarına təqdim edilib.
Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik eləcə də Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.
Sonda AŞF-nin prezidenti Mahir Məmmədov konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans öz işini yekunlaşdırıb.

























































































