İnternet üzərindən keçirilən blits şahmat üzrə İpək Yolu Kubokunun qalibi Rauf Məmmədov yarışla bağlı təəssüratlarını bölüşüb. Sportnet.az beynəlxalq qrossmeysterin müsahibəsini təqdim edir...
- Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə keçirilmiş İpək Yolu Kubokunu necə dəyərləndirərdiniz?
- Pandemiya dövründə bütün idman növləri kimi, şahmatda da yarışlar təxirə salındı. Az sayda ölkədə şahmat üzrə onlayn yarışlar təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə əvvəlcə Azərbaycan Kuboku, sonra isə Respublika Gününə həsr olunmuş İpək Yolu Kuboku keçirildi. İpək Yolu Kubokunda 55 şahmatçı iştirak etdi, onlardan 36-sı qrossmeyster idi. Kifayət qədər samballı məbləğ – 20 min avro mükafat fondu təyin olunmuşdu. Biz şahmatçıları düşündükləri üçün təşkilatçılara – Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədova və təbii SOCAR-a "çox sağ ol" deməyə borcluyam. Yarışa gəldikdə, müəyyən hazırlıq keçmişdim. Düşünürdüm ki, artıq pandemiya dövründə hazırlığım lazım olmayacaq. İpək Yolu Kubokunda çox maraqlı gedişat izlədik.
- II turda Aydın Süleymanlıya uduzan Rauf son turda onun köməkliyi ilə çempion oldu...
- Aydın sanki “Aeroflot-2019”dakı köməkliyi qaytardı. Əlbəttə, bu, zarafatdır. Süleymanlı çox yaxşı şahmatçıdır. Artıq onun bizə yaxınlaşdığını hiss edirik. Mən II turda Aydına uduzduqdan sonra vəziyyət dəyişdi, şanslarım bir qədər azaldı. Amma III turda Şəhriyar Məmmədyarov kimi qrossmeysterə qalib gəldim. Məhz Şahı udandan sonra düşündüm ki, turniri xeyrimə həll edə bilərəm. Son turda Süleymanlı Gürcüstan təmsilçisi Bahadur Cobava ilə heç-heçə oynadı. Hərçənd, oyunun əvvəlində vəziyyət o qədər də yaxşı deyildi. Aydın bərabərlik etməklə mənə qələbə üçün şərait yaratdı. Bundan sonra nəticə özümdən asılı idi. Gürcüstan təmsilçisi Nika Volkovu məğlub etməklə birinci yeri təmin etdim.
- Deməli, millidəki komanda yoldaşın Şəhriyar Məmmədyarov üzərində qələbə həlledici olub?
- Şəhriyar dünyanın aparıcı şahmatçılarından biridir. Klassik şahmatda onunla bacarmaq çətindir. Blitsdə vəziyyət fərlidi. Məncə, blitsdə uğur qazanmaq üçün bəxtin olmalıdır. Şahla oyunda bəxt mənim tərəfimdə idi. Mənim bəxtim bir az çox gətirdi. Sözsüz ki, həmin turdan sonra öz gücümə daha çox inandım.
- Karantində Rauf Məmmədov vaxtını necə keçirir?
- Karantində asudə vaxtlarım çoxdur. 8 saat yatırıq, bundan sonra düz 16 saat asudə vaxtımız olur. Bu saatlarda kitab oxuyur, kinolara baxıram. Şahmat dünyası ilə bağlı maraqlı kitablar çoxdur. Dahi şahmatçıların debütləri ilə maraqlanıram. Sanki şahmatda yenidən məktəbə getməyə başlamışam (gülür).
- Onlayn şahmat əvvəlki adi qaydada keçirilən turnirləri unutdurur?
- Şahmatı internet üzərindən oynamaq rahatdır. Digər növlərdən fərqli olaraq, onlayn şahmat yarışı keçirmək daha münasib görünür. Təyyarəyə bilet alaraq yola çıxmırsan. Evdə internetlə istənilən yarışda iştirak etmək olar. Bununla belə, klassik şahmat yarışları başqadır. Karantinin tezliklə başa çatacağına inanıram. Yarışlar üçün darıxmışıq. Yeri gəlmişkən, bir çox şahmatçı məhz turnirlərdə iştirakla maddi vəziyyətini düzəldir. Turnirdə yaxşı çıxış etməklə normal pul qazanırsan. Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi Azərbaycan Kuboku və İpək Yolu Kuboku da bizlərə kömək oldu. Ümid edirəm ki, növbəti ay daha bir turnir təşkil olunacaq.
- İdmançılar karantində çəki artımından şikayətlənir. Rauf Məmmədov necə, yenə kökəlib?
- Düzünü deyəcəyəm. İdmanla məşğuliyyətə imkan olmayıb. Amma kökəlməmişəm. Əksinə, 5 kq çəki atmışam.