Azərbaycan güləşçiləri Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I Dünya Təsnifat Turnirinə qatılacaqlar. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumatına görə, aprelin 22-də start götürəcək yarışa sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların 4 üzvü yollanacaq.
Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.
Sərbəst güləş yarışlarında Mircəlal Həsənzadə (57 kq), yunan-Roma güləşi üzrə Həsən Əliyev (66 kq) və Orxan Nuriyev (98 kq), qadın güləşində isə Gözəl Zutova (69 kq) mübarizə aparacaq.
Turnirin proqramına əsasən, ilk yarış günündə yunan-Roma, aprelin 23-də qadın, aprelin 24-də isə sərbəst güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə səhər saat 4:00-da, final görüşləri isə 13:00-da başlayacaq. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
Qeyd edək ki, indiyədək Azərbaycanın güləş yığmaları "Rio-2016"ya 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.