Xorvatiya milli komandasının Azərbaycan və Norveç yığmaları ilə AVRO-2016-nın seçmə qrup matçlarındakı uğursuz çıxışı səbəbindən baş məşqçi Niko Kovaça inam azalıb. Sportnet.az-ın məlumatına görə, Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker sentyabrın 9-na İcraiyyə Komitəsinin növbədənkənar iclasını çağırıb.
Ötənlərin məşhur futbolçusu bildirib ki, nəticə uğurlu olduqda, hamı məmnun qalır. Əks halda, bir sıra addımlar atmaq lazım gəlir: "Bu səbəbdən, çərşənbə günü "ayıq başla" yığmamızın Avropa çempionatının final mərhələsinə vəsiqə şanslarını dəyərləndirməliyik. Biz mütləq bu vəsiqəyə yiyələnməliyik. Nə baş verdiyini, aprelin 1-də harda, bu gün harda olduğumuzu analiz etməliyik. Birbaşa vəsiqə uğrunda mübarizədə əsas rəqibimiz olan Norveçin Malta ilə evdə, İtaliya ilə səfərdə oyunu qalıb. Bu komandanın şansı bizdən çoxdur".
Ötən gün Norveçə 0:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Niko Kovaç komandasının rəqib qədər mübarizə aparmadığını açıqlayıb. Lakin kapitan Luka Modriç onunla razılaşmayıb: "Bu, baş məşqçinin fikridir. Biz çalışırıq və əlindən gələnin ən yaxşısını ortaya qoymayan futbolçunun olduğuna inanmıram. Pis oynadıq, oyunumuz alınmadı, amma çalışdıq".
Qeyd edək ki, hazırda H qrupuna 18 xalla İtaliya başçılıq edir. Norveç 16 xalla 2-ci, Xorvatiya 15 xalla 3-cü pillədə qərarlaşıb. Balkanlılar oktyabrın 10-da evdə Bolqarıstanla, oktyabrın 13-də isə səfərdə Malta ilə üz-üzə gələcək. Niko Kovaçın komandası İtaliya (1:1), Azərbaycan (0:0) və Norveçlə (0:2) keçirdiyi son 3 oyunda cəmi 2 xal toplaya bilib.