
Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib. Sportnet.az-ın məlumatına görə, turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri iştirak edib.
Baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında mübarizə aparmış 4 güləşçimizin hamısı qızıl medal qazanıb. 65 kq-da mübarizə aparan Hacı Əliyev macarıstanlı, rumıniyalı və serbiyalı rəqiblərini yendikdən sonra finala yüksəlib. Həlledici görüşdə o, ötən ilin ermənistanlı dünya çempionu David Safaryanı 7:2 hesabı ilə yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
74 kq çəkidəki təmsilçimiz Cəbrayıl Həsənov fransalı 2 rəqibini yendikdən sonra finalda almaniyalı Georg Harta 13:0 hesabı ilə qalib gələrək, növbəti qızıl medalın sahibinə çevrilib.
86 kq çəkidə yer alan Həmzət Osmanov fransalı, almaniyalı 2 rəqibini yenərək, finala yüksəlib. Son görüşündə o, Polşa təmsilçisi Zbignev Baranovskini 6:2 hesabı ilə üstələyərək, 1-ci yeri tutub.
Nəhayət, 70 kq çəkidəki güləşçimiz Ruslan Dibirhacıyev avstriyalı və almaniyalı rəqiblərini mübarizədən kənarlaşdıraraq, finala vəsiqə qazanıb. Həlledici görüşdə o, Rumıniya güləşçisi Adrian Moiseyə 5:1 hesabı ilə qalib gəlib və son qızıl medalı qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.