
Azərbaycan millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub
Bu gün cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Peter Zayzenbaher ictimaiyyətə təqdim olunub. Sportnet.az-ın məlumatına görə, təqdimat mərasimində baş katib Elmar Babanlı baş məşqçi qarşısında konkret məqsəd qoyulmadığını bildirib.
O, avstriyalı mütəxəssislə müqavilə şərtlərinə aydınlıq gətirib: "Qarşıdan "Rio-2016" olimpiadası gəlir. Bu olimpiadadan sonra müqavilə müddəti haqda ətraflı danışa biləcəyik. Müqavilənin sonrakı müqəddaratı nəticələrdən asılı olmayacaq. Hamımızın məqsədi cüdonu inkişaf etdirməkdir".
Federasiya prezidenti Rövnəq Abdullayev tərəfindən olimpiadaya 7 lisenziya hədəfinin qoyulduğunu qeyd edən E.Babanlı bildirib ki, hazırkı vəziyyətdə reytinq cədvəlinə əsasən 4 idmançının iştirakı gözlənilir və qalan 3 cüdoçu üçün də lazımi lisenziya xalını da toplamaq mümkün olacaq.
Vitse-prezident Elnur Məmmədli 2016-cı il Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarına qalan 9 ay ərzində federasiya rəhbərliyinə həkim və mütəxəssislərin cəlb olunacağını bildirib: "Cüdo ailəsi olaraq əl-ələ verərək iş görəcəyik. İdmançı yarışdan öncə hər hansı bir xəstəlik keçirə və ya zədə ala bilər. Hansı idmançı məşqə ciddi yanaşır, hazırlaşırsa tatami üzərində də uğurlu olur".
Konfransda o da bildirilib ki, hazırda federasiyanın rəsmi saytının hazırlanması işləri gedir. Sayt hazır olduqdan sonra bütün məlumatlar orada yerləşdiriləcək.