İtaliya milli komandasının futbolçusu Marko Parolo Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi xəbərdarlıq edib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi keçirdiyi mətbuat konfransında Bakıya səfərin heç də asan gəzinti olmayacağını bildirib.
Parolo xatırladıb ki, baş məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ardıcıl 4 qarşılaşmada məhsuldar nəticə göstərib. "Onlar bizə qarşı bacarıqlarının 110 faizini qoyacaqlar" deyən təcrübəli oyunçu görüşə final matçı kimi hazırlaşdıqlarını, bütün detalların qayğısına qaldıqlarını vurğulayıb.
İtaliya millisi hazırda FİFA reytinqində 17-ci pillədə qərarlaşıb. Parolo bildirib ki, artıq şənbə günü keçiriləcək matçdan etibarən İtaliya futbolunun daha yaxşı yerlərə layiq olduğunu sübuta yetirəcəklər. O, zədə üzündən meydana çıxmayacaq Lorenso İnsinyenin yoxluğunda da qol vurmağa, oyunun axarını dəyişdirməyə qadir çoxlu hücumçuya malik olduqlarını bəyan edib.
Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya matçı saat 21:00-da başlanacaq.