"Samir Abasov futbolçu kimi sözünü deyib. İstərdik ki, əsas komandamızda baş məşqçi kimi də özünü sübut etsin". Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev komandaya yeni baş məşqçi təyinatını şərh edərkən deyib.
Quliyev bildirib ki, tezliklə o, məşqçilər korpusunu formalaşdırmaq üçün namizədlərin adlarını rəhbərliyə təqdim edəcək: "Abasovun qarşısına qoyulan ilk məqsəd hazırkı nəticəni yaxşılaşdırmaqdır. Bundan sonra isə baxımlı futbol sərgiləmək lazımdır. İlin sonunadək hələ 11 oyunumuz var. İndiki vəziyyətdən çıxmaq lazımdır. Abasov Premyer Liqada yeni baş məşqçi olacaq. Düzdür, o əvəzedicilərdə işləyib, amma elitada çalışmaq tam başqadır. Buna görə də hansısa məqamda dərhal onu vurmaq lazım deyil".
Klub prezidenti qış transfer pəncərəsində yeni keçidlərin olacağını istisna etməyib. Lakin o, yenə yerli futbolçu transferi siyasətini davam etdirəcəklərini vurğulayıb: "Yeni transferlərin olacağı istisna olunmur. Qış fasiləsinə bir müddət qalmış bu məsələ öz həllini tapacaq".
Qeyd edək ki, klubun Müşahidə Şurasının bu gün keçirilən iclasında Aqil Məmmədovun istefa ərizəsi qəbul olunub və baş məşqçi vəzifəsi mövsümün sonunadək Samir Abasova tapşırılıb.