Bu gün "Neftçi" klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib.
Lakin heç bir qərar qəbul olunmayıb. Müzakirə mövzuları bunlar olub:
1. "Neftçi"nin əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib, komandanın son oyunlardakı çıxışı müzakirə olunub.
2. "Neftçi”nin əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub.
3. Klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.
4. Bakının müxtəlif rayonlarında yerləşən məktəblərdə aparılan iş barədə şura üzvlərinə hesabat təqdim edilib.
5. Azarkeşlərlə aparılan iş barədə şura üzvlərinə hesabat verilib və komandanın oyunlarına daha çox azarkeşin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
6. "Neftçi”nin ev oyunlarının təşkli, elektron bilet satışı barədə hesabat verilib, gələcəkdə yeni sayt vasitəsilə onlayn satışın həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
7. "Neftçi”nin üzvlük kartları layihəsinin icrası ilə bağlı hesabat verilib, layihənin genişləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib. ("Neftçi” indiyədək üzvlük kartlarından 11,428 manat məbləğində gəlir əldə edib).
8. "Neftçi”nin infrakstrukturu ilə bağlı məsələlər müzakirə edilib, yeni baza layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib.
9. Braziliyanın "Fluminense” klubunun nümayəndəsinin gələn həftə Bakıya səfəri planı şura üzvlərinə təqdim edilib.
10. Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil Jozef Vandellas iclasda iştirak edib. Təcrübəli vəkil prosesin gedişatı ilə bağlı şura üzvlərinə məlumat verib. Proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabrda İsveçrənin Lozanna şəhərində baş tutacaq.