
Maliyyə probleminə görə "Bakı"dan ayrılan Cavid Hüseynovun Sportnet.az-a müsahibəsi
- "Bakı"dan ayrılanda hansısa problem yaşanmadı?
- Klubda maliyyə problemləri var. Mən də klub prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovla danışdım. Aramızda heç bir problem olmadan qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Yəni, isti münasibətlə sağollaşdıq.
- "Bakı" Sizə nə qədər pul borclu idi ki, onun müqabilində müqavilə müddəti bitməmiş azad agent statusu ala bildiniz?
- 150 min dollar borc vardı. Həmin pulu verməyə imkan olmadığından, belə addım atıldı.
- Yeni klubunuz "İnter" olacaq?
- Bu gün danışıqlar olacaq. Sabah isə bu məsələlərə aydınlıq gələcək.
- Sizin üçün "İnter" və ya başqa klubun önəmi var? Yəni maddi tərəfdən...
- Təbii ki, var. Pul olmasa kim oynayar ki? Hər futbolçunun öz qiyməti var.
- Hafiz Məmmədovun uzun müddətdir ki, klubda olmamasının səbəbi nədir?
- Hafiz müəllimin az işi yoxdur ki, gəlib klubda otursun. O, iş adamıdır və tez-tez səfərlərdə olur. Müqavilə işləri ilə də Zeynal müəllim maraqlanırdı.
- "İnter"ə keçidiniz hansısa səbəbdən alınmasa, başqa variant var?
- İnşallah, baş tutar.
- "Bakı"dan ayrılmamışdan öncə təkliflər olub?
- Bəli. Həm yerli, həm də əcnəbi klublardan təkliflər var. Təklif olmasaydı, o zaman Türkiyəyə üz tutacaqdım.
Rövşən ƏHLİMANOĞLU