"Zirə"nin baş məşqçisi Adil Şükürovun Sportnet.az-a müsahibəsi
- Artıq komandalar qış təlim-məşq toplanışına hazırlaşır. "Zirə"də vəziyyət necədir?
- Yanvar 5-də Bakıda toplaşacağıq. 4 gün burada məşq edəcək və ayın 9-da komandamız Türkiyənin Antalya şəhərinə yollanacaq. Antalyada 16, 19 və 22 yanvar olmaqla, 3 yoxlama görüşü keçirəcəyik.
- Futbolçunuz Nurlan Novruzov əfv olunub. O deməkdir ki, artıq komandayla birgə toplanışda iştirak edə biləcək?
- Bəli, Nurlan bizimlə Türkiyə toplanışında da iştirak edəcək. Onunla müqavilə müddəti artırılıb. Ancaq əfv olunmasa Antalya toplanışına qatıla bilməyəckdi. Çünki dövlətimizin qanunları var və hər kəs bu qanunlara tabedir.
- İndiyədək kimlərlə yollar ayrılıb?
- Eduardo Makiellə yollarımız ayrılıb. Biz heç kimi komandadan göndərmirik. Bu arada qarşılıqlı razılığa əsasən müdafiəçi Eltun Hüseynov komanda ilə yollarını ayırıb.
- Vüqar Mustafayevlə münasibətlər rəsmiləşdirilib?
- Xeyr. O, yaxşı futbolçudur. Mən onu "Bakı"dan tanıyıram. Sadəcə məşqçilərlə birgə fikriləşib qərar verməliyik. Hələ ki, heç bir təklif yoxdur.
- Əsasən hansı mövqelərin gücləndirilməsinə üstünlük veriləcək?
- Hər bir mövqedə rəqabət olmalıdır. Bizim çalışdığımız budur. Bacardığımız qədər hər bir xətti gücləndirməliyik.
- Bu gücləndirmə üçün legionerlər dəvət olunacaq?
- Düşünmürəm. Çünki devalvasiya var.
- Devalvasiya "Zirə"yə, eləcə də Azərbaycan çempionatına necə təsir edəcək?
- Çempionatı deyə bilmərəm. Ancaq hər bir klub kimi bizim də əvvəlcədən təsdiqlənmiş büdcəmiz var və onun əsasında da planlarımızı qururuq. Təbii ki, devalvasiya təsir edir. İndi heyətdə olan futbolçularla danışıb razılaşmaq şərtilə bəzi dəyişikliklər etmək niyyətindəyik.