"İnter"in futbolçusu Yohan Bokonyanonun Sportnret.az-a müsahibəsi
- "Tiraspol"la Avropa Liqasının I təsnifat mərhələsindəki cavab görüşü barədə nə deyə bilərsiniz?
- Oyuna tam rahat şəkildə çıxmışdıq. Rəqib ani bir epizodda qol vurdu. İlk hissədə tam köklənə bilmədik. Ancaq 2-ci hissədə hücumlarımızın sayını artırdıq. Onlar da gördülər ki, hücumlarımızın qarşısını ala bilmirlər, kobudluğa əl atdılar. İstəsəydik, hesabı daha da artıra bilərdik. Ancaq ilk oyundakı üstünlüyü və gələn həftə İsveç "Elfsborq"una qarşı keçirəcəyimiz görüşü nəzərə alıb, özümüzü yormadıq.
- İlk matçla cavab oyunu arasında hansı fərqlər var idi?
- İlk oyunda qələbə qazanmışdıq. Bizim problemimiz oyuna köklənməklə bağlıdır. Həmin matçda 3:0 hesabı ilə irəlidə idik. Sonra onlar 2 qol vurdu. Yəni oyuna köklənməkdə çətinlik çəkdik.
- Növbəti mərhələdə "Elfsborq"la qarşılaşacaqsınız...
- "Elfsborq"u tanımıram. Amma fikirləşirəm ki, İsveç klubu ilə qarşılaşmalarımız indikindən asan olmayacaq. Yəni mərhələ-mərhələ irəlilədikcə, oyunlar daha da çətinləşir.
- Kaxaber Tsxadadze hücumda problemlər olduğunu və yeni forvarda ehtiyac duyulduğunu bildirib. Siz nə fikirdəsiniz?
- Komandanın rəhbəri Kaxaberdir. O deyirsə, hücumda problemlər var, deməli, elədir. Ancaq biz ön xəttdə Baçana Tsxadadzenin oynamasını çox istəyirik. Bu oyunda da Baçana meydana girdikdən sonra qol vurduq.
- Elvin Məmmədovun yoxluğu komandaya necə təsir etdi?
- Təbii ki, Elvin olsaydı, hücumlarımız daha yaxşı alınardı. Elvinin yoxluğu oyuna öz təsirini göstərirdi.
Rövşən ƏHLİMANOĞLU