"Bakı" klubundan ayrılan Əfran İsmayılov yeni mövsümdən "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq. Bu barədə Sportnet.az-a futbolçunun özü məlumat verib.
İsmayılov "ağ-yaşıllar"la 2 illik müqavilə imzalayacağını bildirib: "Artıq "Xəzər Lənkəran"la bağlı bütün məsələlər öz həllini tapıb. Yeni mövsümdən onların uğurları üçün çalışacağam. Rauf Əliyev də 2 illik müqaviləyə qol çəkib. Viza məsələsinə görə hələ ki, komandanın düşərgəsinə yollanmamışam. İnanıram ki, bundan sonra hər şey yaxşı olacaq".
Azərbaycan yığmasının üzvü son mövsümdə yeni klubunun düşdüyü çətin vəziyyətdən də danışıb: "Xəzər Lənkəran" həmişə çempionluq uğrunda mübarizə aparan komandadır. Buna baxmayaraq, son mövsümdə uğursuzluqla üzləşib. Hər bir komandanın başına bu cür iş gələ bilər. "Xəzər Lənkəran" ən çox azarkeş kütləsinə sahib olan klubdur. Düzdür, bir neçə baş məşqçi dəyişikliyi oldu. Ancaq bu o demək deyil ki, "Xəzər Lənkəran" zəif komandadır. Əl-ələ verib cənubluların uğuru üçün çalışacağıq".
26 yaşlı yarımmüdafiəçi Rauf Əliyevlə eyni komandalarda oynamasından söz açıb: "Biz Raufla uşaqlıq dostuyuq. Millidə, "Qarabağ"da və "Bakı"da bir yerdə oynamışıq. İndi də "Xəzər Lənkəran"da oynayacağıq. Sözün düzü mənim Lənkərana gəlməyimi elə Rauf məsləhət gördü. Onunla danışanda dedi ki, çox istəyərdim ki, burada olasan, sən də gəl "Xəzər Lənkəran"a bir yerdə oynayaq. Hər kəslə məsləhətləşdim, axırda qərara gəldim ki, "Xəzər Lənkəran"ı seçim. Bir-birimizlə oyunumuz həmişə alınıb. İnanıram ki, burada da uğur qazanarıq".