
Şou-biznesin tanınmış simaları DÇ-2014-ün yekunları ilə bağlı danışıblar. Sportnet.az-ın sorğusuna qatılanlar "Almaniya çempionluğa layiq idimi?" sualını cavablandırıblar.
Müğənni Baloğlan Əşrəfov: "Çempionatı izlədim. Axırıncı final oyununa baxmamaq insana yaraşan bir şey deyil ki. Əlbəttə, Almaniya komandası Argentinanı məğlub etdi, amma onu da deyim ki, hər iki komanda yaxşı oyun göstərdi. Belə bir misal çəkim, necə ki Hollandiyanın Robbeni, Argentinanın Messisi, Braziliyanın Neymarı var, Almaniyanın da komandası var. Kollektiv oyun, gözəl oyun, istər-istəməz o komandaya uğur gətirir.
Almaniyanın çempionluğu təsadüfi deyil, artıq 4-cü dəfədir. Qələbə
qazanan komanda güclü komandadır. Mən belə cəfəngiyyat sözlərə inanmıram ki, o,
yaxşı oynayırdı, amma məğlub oldu. Qələbə qazanan, qol vuran komanda, deməli,
digər komandadan güclüdür, vəssalam”.
Müğənni Ağadadaş Ağayev: "Bəli, oyunu
sonadək izlədim. Oyun səviyyəsinə görə, bərabər idi, hər iki komandanın haqqı
idi. Ancaq şans bunların yanında oldu, uddular. İstəməzdim ki, onlar udsunlar. Messini
çox sevdiyimdən, Argentinanın qalib gəlməsini istəyirdim. Qismət olmadı. Almaniya
estetik cəhətdən çoz zəifdir. Amma çox işgüzardırlar, fiziki cəhətdən
yaxşıdırlar, deməzdim ki, haqları deyil. Hər halda haqq etdilər ki, uddular. Yəqin
ki çox istədilər, ona görə də qələbə qazandılar, şans da onların tərəfində oldu”.
Müğənni Səməd Səmədov: "Əvvəldən
demişdim ki, 100% Avropa çempion olacaq. 3 ölkə - Almaniya, Fransa, Hollandiya ölkənin
adını çəkmişdim. Dünən isə Argentinanın bəxti gətirmədi. Argentina udmalı,
çempion olmalı idi. O, Maradonanın qələbəsini zirvəyə qaldırmalı idi. Argentina
Almaniyadan yaxşı oynayırdı. Heyflər olsun... Çempion Argentina olmalı idi”.
Müğənni Nazim Faytonçu: "Onlar çox iddialı idilər. Yadınızdadırsa,
mən ilk dəfədən demişdim ki, Almaniyanın da çempion olması gözlənilir. Qonsalo
İquain təkbətək çıxanda vura bilmədi. Argentinanın udmaq şansı vardı, sadəcə bəxti
gətirmədi. Düzünü desəm, Hollandiyanı daha çox çempionluğa layiq görürdüm.
Hollandiyanın çempionluq iddiası da vardı, şansı da. Finala Hollandiya ilə
Almaniya qalsaydı, çox güman ki, Hollandiya udacaqdı. Çünki Robin Van Persi, Aryen
Robben, yəni kifayət qədər oyunçular və ulduzlar var ki, alman maşınını saxlaya
bilərdilər. Sizə deyim ki, müdafiəsi Argentinanınkından güclü idi”.
"Miss Azerbaijan 2013" müsabiqəsinin finalçısı Minarə Allahverdiyeva: "Futbol azarkeşi
deyiləm, amma ilk dəfə idi ki, əvvəldən-axıradək oyunu izlədim və maraqlı
gəldi. Ümumilikdə Argentinadan qalibiyyət gözləyirdim. Deməzdim ki, Almaniya Argentinadan
daha güclüdür, sadəcə oyundur və qalib oldular. Hər iki komanda güclü idi. 100
dəqiqədən çox oynadılar, artıq yorulmuşdular. Gec-tez biri qol vurmalı idi də”.
Müğənni Gülyaz Məmmədova: "Bəli,
izlədim. Maraqlı oyun idi. Mən heç vaxt futbola baxmıram. Amma 2-ci dəfədir ki,
Olimpiya Oyunlarına və təbii ki, dünya çempionatına baxdım. Düzünü desəm, mən
Almaniyanı dəstəkləyirdim. Yaxşı oyun gedirdi”.
Meyxanaçı Vüqar: "Əvvəldən favoritim
Almaniya və Hollandiya idi. Almaniyanı çempion görürdüm. Hollandiya da yaxşı
oynadı, amma nə Braziliya, nə də Argentinanı favorit kimi görürdüm. Deyərdim
ki, əslində, Almaniya kiçik top fərqi ilə qələbə qazandı. Braziliya ilə
oyundakı taktikanı, gücü saxlaya bilsəydi, Bundestimin xeyrinə daha böyük hesab
olacaqdı. "Hollandiya Almaniya ilə finala qalsaydı, qalib gələ bilərdi” fikri
ilə razılaşmıram. Çünki onların hər ikisi Avropa futbolunda bir-birinə tanışdırlar.
Əlbəttə, Almaniya komanda oyunu oynayır, amma Hollandiya da sürəti ilə, hansısa
bir vəziyyətlə irəli keçə bilərdi. Amma hazırda dünyada, planetdə Almaniyanın
komanda oyununa, gücünə çatacaq bir komanda yoxdur. Gördünüz necə vuruşurdular?
Onların mübarizədən çəkinməməyini gördünüz?”
Müğənni Səyyad Əlizadə: "Bəli, oyunu
izlədim. 113-cü dəqiqədə qol vuruldu. Bir neçə gün öncə demişdim ki, finalda
Almaniya ilə Argentina oynayacaq və Almaniya qalib gələcək. Elə də oldu. Almaniya
komandadır. Biri var orada kimsə favorit olsun, yəni oyun kiminsə üzərində
qurulsun, elə deyil. Almaniya çox gözəl komandadır. Onu 20-ci çempionatda
məğlub edəcək komanda olmadı. Gələcəkdə ola bilər. Bilirsiniz, Almaniya eyni
oyunu sərgiləmirdi. Onlar hər kəslə öz dilində danışırdılar. Yəqin gördünüz,
Braziliyanı neylədilər. Hələ istəsəydilər, bəlkə 15 top vura bilərdilər.
Hazırda Almaniya planetin ən güclü komandasıdır”.
Müğənni Xatun: "Mən
Braziliya yığmasını sevmişəm, onlara azarkeşlik etmişəm. Dünənki matça gəlincə,
oyunçu aparıb yəqin ki. Almaniya və Argentina mənim favoritlərim deyildi, favoritim
Braziliya idi. Ümumi götürsək, Almaniya daha güclü idi”.
Sevinc XANQIZI