Braziliyada keçirilən dünya çempionatı bir sıra maraqlı məqamlarla zəngin olub. Sportnet.az onıların içərisindən həm tarixi, həm də bir qədər məzəli rekordları təqdim edir.
43 yaş və 3 gün. Kolumbiya yığmasının qapıçısı Fərid Mondraqon dünya çempionatları tarixində meydana çıxan ən yaşlı futbolçu olub. O, bu rekorda Yaponiya ilə görüşdə imza atıb.
8. Bütün qrup qalibləri DÇ-2014-ün 1/4 final mərhələsinə yüksəlib. İndiyədək heç bir dünya çempionatında 8 qrupun qaliblərinin hamısı 1/4 finala yüksələ bilməyib.
5. Canluicci Buffon meksikalı Antonio Karbaxal və almaniyalı Lotar Matteusun rekordlarını təkrarlayıb. Hər üçü 5 dünya çempionatında iştirak ediblər.
14. Təşkilatçılar DÇ-2014-ə 14 milyard dollar xərcləyib. Bu, DÇ-2010-a xərclənən vəsaitdən 8 milyard çoxdur.
37 km/s. Məhz bu sürətlə Hollandiya yığmasının hücumçusu Aryen Robben İspaniya millisinin qapısına tərəf irəliləyib. Həmin reyd qolla nəticələnib, Robbenin yığdığı sürət isə dünya çempionatları tarixində rekord olub.
16. Bu sayda qurtarışa Belçika yığması ilə görüşdə ABŞ-ın qolkiperi Tim Hovard imza atıb. Dünya çempionatları tarixində 16 "seyv"ə heç kim imza atmayıb.
3. Qana yığmasının ölkə Federasiyasından tələb etdiyi 3 milyon dollar nağd şəkildə Braziliyaya gətirilib. Mundialı təşkil edən ölkəyə nağd yolla bu həcmdə vəsait heç vaxt daxil olmayıb.
9. Özbəkistanlı hakim Ravşan İrmatov dünya çempionatlarında 9 oyun idarə edib. Ədalət təmsilçiləri üçün bu göstərici rekorddur.
9. Uruqvay yığmasının hücumçusu Luis Suares 9 oyunluq diskvalifikasiya edilib. Dünya çempionatları tarixində bu, ən uzunmüddətli cəzadır.
16. Miroslav Kloze dünya çempionatları tarixində ən çox - 16 qol vuran futbolçu olub.
1. Almaniya yığması Amerika qitəsində dünya çempionu titulunu qazanan ilk Avropa ölkəsidir.
23. Hollandiya yığmasının baş məşqçisi Lui Van Qal DÇ-2014-də məhz bu sayda futbolçunun xidmətindən istifadə edib. Dünya çempionatları tarixində ilk dəfədir ki, adları iştirak ərizəsinə daxil edilən bütün futbolçular meydana çıxıblar.
171. Braziliyadakı dünya çempionatında 171 qol vurulub. Bu, 1998-ci ildə qeydə alınan rekordun təkrarıdır.
3. Argentina və Almaniya yığma komandaları dünya çempionatlarının finalında 3-cü dəfə üz-üzə gəlib. Ümumiyyətlə isə final oyunlarında cəmi bir dəfə təkrarlanma halı baş verib: Braziliya və İtaliya yığmaları finalda 2 dəfə qarşılaşıblar.
1. Toni Kroos Almaniya Demokratik Respublikasında doğulan və dünya çempionu titulunu qazanan ilk futbolçudur. 1990-cı ildə dünya çempionu olan Almaniya yığmasının futbolçuları ya Qərbi Almaniyada anadan olublar, ya da Berlin divarı dağıdıldıqdan sonra dünyaya göz açıblar.
3. Avropa ilk qitədir ki, ardıcıl 3 dəfə dünya çempionu titulunu əldə edir. 2006-cı ildə İtaliya, 2010-cu ildə isə İspaniya yığmaları qızıl medallara layiq görülüblər.
4. Miroslav Kloze dünya çempionatları tarixində 4 medal qazanan ilk futbolçudur. 2002-ci ildə gümüş, 2006 və 2010-cu illərdə bürünc medal qazanan hücumçu Braziliyadakı dünya çempionatında kolleksiyasını qızıl medalla zənginləşdirib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |