"Bakı" klubunun maliyyə böhranı üzündən Topaz Premyer Liqasında iştirakını dayandıracağı və "Rəvan"la əvəzlənəcəyinə dair xəbərlərə paytaxtın eyniadlı təmsilçisinin sabiq məşqçisi Elxan Abdullayev münasibət bildirib. 44 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında "Bakı"nın yarışdan çəkiləcəyi təqdirdə, Peşəkar Futbol Liqasının (PFL) başqa alternativinin olmadığını söyləyib.
Abdullayev fikirlərini belə əsaslandırıb: "Bu, mənim səlahiyyətlərimə daxil olan məsələ deyil. Ancaq istəməzdim ki, belə köklü klub hansısa maliyyə problemi üzündən Premyer Liqadan kənarlaşdırılsın. Uzun illər bu komandada çalışmışam. Heç istəməzdim ki, "Bakı"nın yerini "Rəvan" tutsun. Daxili hisslərim mənə deyir ki, kimlərsə "Bakı"ya əl tutacaq və bu komanda yaşayacaq. Paytaxat təmsilçisinin Premyer Liqada çıxış etmək üçün bütün tələblərə cavab verən əla şəraiti, maddi-texniki bazası var".
"Rəvan"a qarşı sərt mövqeyi ilə tanınan mütəxəssis bildirib ki, bu komanda hazırda yarı-dağınıq vəziyyətdədir: "I diviziona yuvarlandıqdan sonra "Rəvan" bir çox futbolçu ilə yollarını ayırıb. Əlbəttə, gənc və istedadlı oyunçuların elitada oynaması yaxşı haldır. Ancaq idman prinsipləri ilə yanaşsaq, "Rəvan" sonuncu pilləni tutubsa, Premyer Liqada qala bilməz. Bu cür "qalaqurma" baş versə belə, PFL-i günahlandırmaq düzgün çıxmaz. Çünki 9 komanda ilə çempionat keçirmək olmaz. Bəli, I diviziondan da hansısa komandanı cəlb etmək olar. Lakin nəzəri cəhətdən. Çünki onların heç biri Premyer Liqada iştirak etmək üçün lisenziya tələblərinə cavab vermir".
Qeyd edək ki, Premyer Liqada 2013-2014-cü il mövsümünün püşkü iyulun 18-də atılacaq.