
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Qazaxıstanda "Şaxtyor" və Xorvatiyanın "Hayduk" komandaları arasında keçirilmiş Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundakı idarəçiliyi meydan sahiblərinin narazılığına səbəb olub. Sportnet.az-ın məlumatına görə, bu barədə 4:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Viktor Kumıkov açıqlama verib.
O bildirib ki, məhz referinin özbaşınalığı üzündən böyük hesab qeydə alınmayıb: "Həyatımda heç vaxt belə biabırçı hakimlik görməmişdim. Hətta daha öncə çexiyalı hakimlər də bugünkü kimi deyildilər".
Əvəzində "Hayduk"un baş məşqçisi İqor Tudor baş hakimin qeyri-obyektiv olması fikri ilə razılaşmayıb.
Qeyd edək ki, Əliyar Ağayev "Şaxtyor"un 5 futbolçusuna sarı vərəqə göstərdiyi halda, "Hayduk"un heç bir oyunçusunu cəzalandırmayıb. Üstəlik, o, 78-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Xorvatiya təmsilçisi bu imkandan yararlanaraq, fərqi azaldıb. Yalnız 5-ci uzatma dəqiqəsində "Şaxtyor" daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib - 4:2. Matçın hakim-inspektoru ermənistanlı Karen Nalbandyan olub.