Azərbaycan I Divizionunda mübarizə aparan "Rəvan" komandasının fiziki hazırlıq üzrə məşqçisi Müşfiq Qəmbərov istefa verməyi qərara alıb. Gənc mütəxəssis Sportnet.az-a açıqlamasında bu addımı iddialarının azalması ilə əlaqələndirib.
O bildirib ki, ötən tur Qusarda "Şahdağ"la keçirdikləri görüşdə baş hakim İnqilab Məmmədovun təyin etdiyi yanlış penalti üzündən komandası 0:1 hesabı ilə uduzub. Nəticədə "Rəvan" 3-cü pilləyə enərək, lider "Neftçala"dan 3 xal geri qalıb.
Qəmbərov I dövrənin son 3 oyununda qalib gəlməyəcəkləri halda, postunu tərk edəcəyini açıqlayıb: "İnqilab Məmmədovun Qusarda olmayan penaltisinə gore bizim məşqçilər korpusunun işi və əziyyəti yerə vurulur. Haqqımız hakimin təyin etdiyi penaltiyə görə yeyilirsə, bizim iddiamızın önəmi yoxdur. Həmin penaltiyə görə "Neftçala"dan 3 xal geri düşdük. Ona görə də qərara almışam ki, ilin sonunadək qalan 3 qarşılaşmadan hətta 1-ini qalib kimi başa vurmasaq, istefa ərizəmi yazıb rəhbərliyə təqdim edəcəyəm. Mövsüm başlayandan iddialı açıqlamalar verdiyim kimi, uğursuzluğa da adekvat addım atmalıyam".
Qeyd edək ki, "Rəvan" növbəti 3 turda "Kəpəz" və "Şəmkir"lə evdə, "Qaradağ Lökbatan"la səfərdə üz-üzə gələcək.