
"Sabah" basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "bayquşlar" Jan-Mark Pansanı heyətinə qatıb.
Fransa millisinin 27 yaşlı basketbolçusu ilə iki illik müqavilə bağlanılıb. 207 sm boya malik Pansa ağır forvard mövqeyində çıxış edir. O, son olaraq Fransanın ProA liqasının iştirakçısı "JL Bourg en Bresse" komandasında oynayıb. Orada keçirdiyi 34 oyunda orta hesabla 7.3 xal və 3.9 ribaund toplayaraq komandasına yarmfinala yüksəlməyə kömək edib.
Pansa həmçinin "Eurocup" turnirində 18 oyunda çıxış edərək, 8.1 xal, 3.7 ribaund və 1.1 blok ortalaması ilə oynayıb. 2023–2024 mövsümündə Fransanın digər komandası "Boulazac Basket" (ProB) üçün çıxış edib.
Pansa 2024-cü ildən Fransa milli komandasına çağırılır.O, daha əvvəl Fransada "Olimpik Antibes", "Pole Frens", "JSF Nanterre" və "Nanterre" komandalarının da şərəfini qoruyub.
Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark Pansa 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib. Həmin il "Eurobasket.com" tərəfindən Fransanın ProB liqasında "ilin ən yaxşı yerli oyunçusu" seçilib.