
Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və federasiyanın digər rəsmiləri ilə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri Yovana Vukoye və Basketbol Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş olub.
ABF-in mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Basketbol Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunub.
Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda, başda Basketbol Çempionlar Liqası olmaqla, iştirakının vacibliyini vurğulayaraq, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının (ABL) mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.