Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında ilk medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, həmin medala 59 kq çəki dərəcəsində çıxış edən Elman Muxtarov sahib olub.
O, bürünc təsəlliverici görüşdə Ermənistan təmsilçisi Roman Amoyanı məğlub edərək, bürünc medala sahib olub.
Görüş gərgin mübarizə şəraitində keçib. İlk yarıda Azərbaycan güləşçisi 6:1 hesabı ilə önə çıxıb. 3 dəqiqəlik ikinci hissədə də üstünlüyünü davam etdirən Muxtarov rəqibinə ardıcıl iki fənd sayəsində 9:1 hesabı ilə qalib gələrək, bürünc medala yiyələnib.
Daha bir medala isə 71 kq çəki dərəcəsində çıxış edən Rəsul Çunayev sahib olub. Çunayev finalda macarıstanlı Balint Korpasiyə qalib gəlib - 4:2. Bu, Azərbaycanın yunan-Roma güləşi növündə ilk qızıl medalı olub. Çunayevi Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Nenad Laloviç təqdim edib.
80 kq çəki dərəcəsindəki təmsilçimiz Rafiq Hüseynov isə finalda Rusiya güləşçisi Yevgeni Saleevə uduzaraq, gümüş medalla kifayətlənib.
98 kq çəki dərəcəsində yer alan Orxan Nuriyev isə bürünc medal uğrunda görüşdə türkiyəli Cenk İldemə 0:3 hesabı ilə uduzaraq, 5-ci yeri tutub.