
2004-cü il Afina Yay Olimpiya Oyunlarının atletika üzrə qızıl medalçısı Karolina Klüft biznesinin iflası və elektrik enerjisinin bahalaşması səbəbindən mobil evdə yaşamağa məcbur qalıb.
Sportnet.az xəbər verir ki, bu barədə isveçli qadın idmançı “Expressen” qəzetinə açıqlamasında bildirib.
2012-ci ildə karyerasını bitirən Klüft 2018-ci ildə ailəsi ilə birlikdə fermaya sərmayə qoyaraq onu otelə çevirib və ora köçüb. Biznes 2024-cü ildə müflis olub.
"Əslində çox kədərlidir. Biz kifayət qədər sərmayə qoymuş, çox şeyi yenidən qurmuşduq. Sonra Rusiya - Ukrayna müharibəsi başladı və bununla da hər şey dəyişdi - inflyasiya, yüksək faiz dərəcələri və elektrik enerjisinin qiyməti.
İflasdan qaçmaq üçün əlimizdən gələni etdik, son ana qədər biznesi xilas etməyə çalışdıq. Təəssüf ki, biznesimizin üzərindən bir xətt çəkməli olduq. Müharibə olmasaydı, yəqin ki, bunlar baş verməyəcəkdi. Həqiqətən də üzücüdür. Otelin potensialı böyük idi və ora gələn hər kəsin xoşuna gəlirdi. Amma "aşağı mövsümdə" qonaqlarımız çox olmurdu", - deyə Klüft vurğulayıb.
Qeyd edək ki, hazırda 42 yaşında olan Klüft həm də üçqat dünya, həm qapalı, həm də açıq məkanda ikiqat Avropa çempionudur.