Nəyə görə idman direktoru?
Təqdirəlayiq addım
- O, komandaya gələnədək cənublular 5 oyuna 4 xal yığmışdısa, gəlişindən sonra 2 oyuna 4 xal yığıb. Başqa sözlə, klub birinci halda mümkün xalların 27%-ni yığıbsa, ikinci halda bu rəqəm 67%-dir.
- O, gələnədək "Xəzər-Lənkəran”ın görüşdüyü rəqiblərin gücü gəldikdən sonrakı rəqiblərin gücündən heç də çox deyil ki, itirilən xalları bununla əlaqələndirək. Razılaşaq ki, lənkəranlıların oyunlarında xal itirilən AZAL, "Sumqayıt”, "Simurq” heç də super güclü komandalar deyillər.
"Torbatikmələr", ikitirəlik olmasa...
Deməli, Hüseynovun gəlişi komandaya müsbət təsir edib. Məsələyə sırf peşəkar nöqteyi-nəzərdən, praqmatikcəsinə yanaşsaq, "Xəzər-Lənkəran” rəhbərliyinin bu addımını uğurlu saymaq olar. Lənkəran klubundakı idarəetməni tənqid edənlərdən biri də mən olmuşam, lakin indi görünən odur ki, rəhbərliyin son addımı tənqidə yox, təqdirə layiqdir. Ağa ağ, qaraya qara demək lazımdır.
Amma mənə elə gəlir ki, istedadlı olmasına baxmayaraq, Hüseynovun məşqçi kimi hələ bəzi çatışmazlıqları da qalır. Düzdür, o PRO lisenziyası alıb, amma bu lisenziya Ukraynada verilib. İndi deyəcəksiniz ki, Ukraynada veriləndə nə olar? Suala sualla cavab verirəm: Ukraynada son dövrlərin hansısa tanınmış futbol mütəxəssisi yetişibmi? Məsələ burasındadı ki, futbolda son dövrlərdə olan bir sıra inqilabi dəyişikliklər Şərqi Avropaya məlum deyil. Ya gəlib çatmayıb, ya da... Uinston Çörçil deyirdi ki, hamı elə bilir, futbolu ondan yaxşı bilən yoxdur. Yəqin ukraynalılar da hesab edirlər ki, futbolu üst səviyyədə bilirlər, ona görə də yenilikləri yaxına buraxmırlar.
Şübhəsiz ki, mənim Yunis Hüseynova nəyisə öyrətməyim düzgün çıxmaz. Amma onun yerində olsaydım, Azərbaycanda da PRO kursunda oxuyardım. Çünki onun vaxtilə "Xəzər-Lənkəran”da baş məşqçi kimi fəaliyyətindəki çatışmazlıqları təkcə mən yox, futbolla maraqlananların hamısı görüb.
Kim kimə torba tikir?
Mətbuatın yazdıqlarına inansaq klubda hansısa torbatikmə əməliyyatları gedir. Guya Yunis Hüseynov Oğuz Çətinə torba tikir, filan... Burada da mən Hüseynovun yerində olsam torba tikməzdim, təcrübəmi Oğuz Çətinlə bölüşərdim. Digər tərəfdən, Çətinin özü indiyədək köməkçi-məşqçi qismində kifayət qədər baş məşqçinin, sözün hər iki mənasında, başını yeyib. O, sıradan biri deyil, uzun müddət Türkiyə nəhəngi "Fənərbağça”da oynamış, bu komandanın kapitanı olmuş, çoxlu güclü məşqçilər görmüş, müxtəlif komandalarda çalışmış, səviyyəli mütəxəssislərin yanında təcrübə qazanmış biridir. Ən əsası Fatih Terim kimi dahi ilə birgə Türkiyə yığmasınını Avropa 3-cüsü edib.
Epiloq əvəzi
Çoxları solaxay sözünü qıcıqdoğurucu ifadə kimi anlayır. Amma futbolda bu, belə deyil. Əksinə... Azərbaycan yığmasının sabiq baş məşqçisi, Braziliya yığmasının əfsanəvi heyətinin kapitanı Karlos Alberto Torres demişdi: "Azərbaycanda ona görə yaxşı futbolçular yetişmir ki, solaxay deyillər". Görün, neçə-neçə komandamızda sol cinaha legioner gətirilib. Qoy, Hüseynov "solaxay" epitetindən inciməsin. Futbolumuzda onun kimi "solaxay"lara böyük ehtiyac var.
Elə mən də solaxayam...
RAQİB