"Hyustonda dopinqə düşmüşdüm. Bunu hər kəs bilir. Ancaq London olimpiadasında da dopinq-testdə ilişdiyimi deyirlər. Bu doğru deyil. Rəsmi olaraq Londonda dopinqə düşməyim haqda heç nə yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Valentin Xristov (62 kq) deyib.
Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dopinq-testdən keçə bilmədiyini etiraf edən ikiqat Avropa çempionu 2012-ci il London Yay Olimpiya Oyunlarında qadağan edilmiş preparatlardan istifadə etməsi ilə bağlı məlumatları təkzib edib. 22 yaşlı atlet dünya çempionatında orqanizmindən dopinq aşkarlanması səbəbindən hansı müddətə diskvalifikasiya olunacağını bilmədiyini deyib: "Hansı cəzanın veriləcəyi hələlik məlum deyil. "Rio-2016"dan sonra qərar açıqlanacaq. Ən azı 2 ildən 4 ilə qədər cəza verə bilərlər. Ancaq ömürlük diskvalifikasiya olmayacaq".
İkinci dəfə (2013, 2015) dopinqə düşdüyünü bildirən idmançı hazırda Bakıdakı evində olduğunu söyləyib.
Qeyd edək ki, Valentin Xristof 2012 və 2015-ci illərdə Avropa çempionatının qızıl medalına sahib çıxıb. O, dopinq-testdən keçə bilmədiyi ötənilki dünya çempionatında 3-cü olub.