Bu gün Türkiyənin Antalya bölgəsindəki "Gloria Sports Arena"da qadın voleybolçular arasında beynəlxalq turnirə start veriləcək. Sportnet.az-ın məkumatına görə, I "Gloria Cup" adlanan turnirdə Azərbaycanı "Azəryol" təmsil edəcək.
Digər komandalar isə milli komandamızın hücumçusu Natalya Məmmədovanın yer aldığı İsveçrə "Volero"su, eləcə də Türkiyə "Vakıfbank"ı və Sloveniya "Branik"i olacaq. 3 gün davam edəcək yarış yenicə açılan "Gloria Sports Arena"da baş tutacaq. Yanvarın 3-də Bakı vaxtı ilə saat 19:00-da start götürəcək açılış matçında "Vakıfbank" "Azəryol"u sınağa çəkəcək. Ertəsi gün Azərbaycan təmsilçisi saat 19:00-da "Volero" ilə, yanvarın 5-də saat 16:00-da isə "Branik"lə qarşılaşacaq.
Qeyd edək ki, tamaşaçıları əyləncəli interaktiv oyunlar, müxtəlif hədiyyələr və digər sürprizlər gözləyir.