"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin Sportnet.az-a müsahibəsi
- Bu sizin üçün yeni təcrübədir. İndiyədək futbol sahəsində olmusunuz. İndi isə bütün idman növlərini əhatə edən kompleks yarışlara sponsorluq edəcəksiniz. Bu sizə nə verəcək? Sponsor maraqlarınız bir kənara, idman olaraq sizə nə verəcək?
- Əsas məqsədimiz Azərbaycanı layiqi ilə tanıtdırmaqdır. Bildiyiniz kimi bu müqaviləni "Azərsun" adı ilə imzaladıq. Rəsmi tərəfdar və mençendayzer kimi fəaliyyət gösətərəcəyik. Yəni bu təşkilatın hədiyyələr, suvenir və bu kimi şeyləri gələn xarici qonaqlara vermək, tapmaqla məşğul olacağıq. Hesab edirəm ki, ölkəmizi insanların xatirəsində xoş saxlamaq, hədiyyələrlə, suvenirlərlə yaxşı xatırlanmasına, mədəniyyətdə, idmanda öndə olan ölkə kimi tanıtmaq hədəfimizdir.
- "Qarabağ" artıq təlim-məşq toplanışını başa vurub. Toplanışda cəmi bir oyunda qələbə qazandınız və transfer olmadı. Komandada vəziyyət necədir?
- Yoldaşlıq oyunlarında arzum odur ki, yaradıcılıqla oyun göstərsinlər. Yəni fərqli taktika, oyunçular yoxlanılsın. Mən bunu dəstəkləyirəm. Burada əsas qazanmaq yox, yeni dəsti-xətt yaratmaq, oyunçuları sınaqdan keçirmək əsasdır. Ona görə də həmin oyunlardakı nəticələri təzyiq üsulu kimi istifadə etmək istəmirəm. Əksinə, mən dəstəkləyirəm və Qurban müəllimə deyirəm ki, dəyişik variantlar işlətsinlər. Cavan oyunçuları oynatmaq, təcrübə yığmaz lazımdır. Əsas məqsəd budur və toplanışda keçirilən yoxlama oyunlarındakı nəticə vacib deyil. Komanda 3 gündür Bakıya qayıdıb. Hələ ki, onlarla görüşmək imkanım olmayıb. Tezliklə Avropaya səfərim var və önümüzdəki həftə qayıdacam. Bundan sonra bizim böyük bir "Qarabağ" iclasımız olacaq. Texniki heyət, futbol klubunun menecerləri məlumatları, bütün məşq proseslərini bizə təqdim etmək üçün görüşlərini dilə gətirəcəklər. Biz də ona qiymət verəcəyik.
- Yeni transferlərin olmamasının səbəbi nə idi?
- Qurban müəllimdən bizə hər hansı bir istək gəlmədi. Deməli buna tələbat yoxdur. Komanda xaricdə, biz isə öz işimizlə məşğul idik. Ona görə bütün bu məsələlərlə bağlı iclasdan sonra ətraflı məlumat veriləcək.
- İnnusent Emeqara yaxşı futbolçu idi, amma komandadan ayrıldı...
- Bəli, doğurdan da o yaxşı futbolçu idi. Ancaq Qurban müəllim ondan istədiyi nəticəni ala bilmədi. Bəzən alınmır. Qurban Qurbanov lazım olan effekti almadı. Bu barədə iclasda müzakirə olacaq.
- Avropa səyahətiniz UEFA-nın iclası ilə bağlıdır?
- UEFA məsələsində bizi vəkillərimiz təmsil edəcək. Həmin görüşdə mən olmayacam.
- Ümumiyyətlə həmin görüşdən nə gözləyirsiniz?
- Bu hakimlərin karyeralarında daha bir cəza görəcəklərinə əminəm. Buna şübhəm yoxdur. Onlar öz karyeralarını zədələdilər. Sadəcə, ayıbdır. Onları cəzalandıracaqlar. Amma qolu qeydə alacaqlarını deyə bilmərəm. İnanmıram, çətin olacaq".
Tahir Gözəl