Quba Olimpiya İdman Kompleksində Azərbaycanın "Baku Fires” komandası ilə Polşanın "Rafako Hussars Poland” klubu arasında WSB (Ümumdünya Boks Seriyası) Liqasının növbəti tur qarşılaşması keçirilib. Sportne.az-ın məlumatına görə, görüş "Baku Fires”in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Qarşılaşmanın ilk döyüşündə rinqə çıxan təmsilçimiz Elvin Məmişzadə (52 kq) Qrjeqorj Kozlovskiyə qalib gəlib. Bu döyüşün ardınca "Baku Fires”in digər üzvü Albert Səlimov (60 kq) da rəqibi David Miçelusu məyus etməyi bacarıb. Polşa klubu ilə görüşdə komandamızın heyətində debüt edən Pərviz Bağırov (69 kq) Polşa komandasının tərkibində yarışan Şimali İrlandiya boksçusu, gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Stiven Donnelli ilə üz-üzə gəlib. Boksçumuz təcrübəli rəqibi ilə döyüşdə qalib gələn tərəf olub. Soltan Migitinov (81 kq) daha inamlı döyüşlə yadda qalıb. İdmançımız rəqibi Jordan Kulinskiyə nakautla qalib gələrək hesabı 4:0-a çatdırıb. Sonuncu döyüşdə rinqə "Baku Fires”i ən ağır çəki dərəcəsində təmsil edən Arslanbek Mahmudov (91 kq-dan yuxarı) çıxıb. "Rafako Hussars Poland” klubunun üzvü Mantas Valaviçiusa qarşılaşmadan qalib ayrılan boksçumuz yekun nəticəni müəyyənləşdirib.
Bu, "Baku Fires”in Dünya Boks Seriyası (WSB) Liqasında cari mövsümdə keçirdiyi dördüncü qarşılaşmada qazandığı ikinci qələbə olub.