1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Mən "Turan" - "Neftçi" matçına "faciəvi oyun" adını vermişdim"
AFFA-nın baş katibi Elxan Məmmədovun Sportnet.az-a müsahibəsi...
- Əvvəlcə Azərbaycan yığmasının Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq görüşü barədə fikirlərinizi bildirərdiz...
- Bu görüş Robert Prosineçkinin rəhbərliyi altında millimizin ilk toplanışı oldu. Yoldaşlıq görüşü üçün bir neçə yığma ilə danışıq aparırdıq. Lakin Prosineçkinin özü də tələb edirdi ki, güclü rəqib olsun. Sonda "Şaxtyor"la razılaşdıq və bu oyunu təşkil etdik. Şadam ki, belə bir rəqiblə qüvvəmizi sınadıq. Bildiyiniz kimi, "Şaxtyor" Çempionlar Liqasında mübarizə aparır və bu cür rəqiblə oynamaq bizim üçün böyük bir təcrübədir. Ümumi onu deyə bilərəm ki, yaxşı oyun oldu.
- Milli komandamızın oyununda yenilik gördününüz? Dəyişiklik var?
- Bəli, sistemdə deyəsən, dəyişiklik var. Baş məşqçi 4-1-4-1 taktiki sisteminə keçdi. Bu, tamamilə fərqli sistemdir. Yəqin ki, Prosineçki hücum futboluna üstünlük verəcək. İlk hissədə komandamız hücum futbolu oynadı.
- Manatın ucuzlaşması AFFA-nın büdcəsinə təsir edəcəkmi?
- (Gülür) Martın 6-da AFFA-nın növbəti konfransı keçiriləcək. Orada ilin hesabatını verəcəyik. Hesabatı manatla təqdim edəcəyik. Gələcək büdcəni də müzakirə edəcəyik. Ümid edək ki, manatın ucuzlaşmasının bizə təsiri olmayacaq.
- Növbəti il üçün büdcənin artırılması ilə bağlı planınız var?
- Son 4 ildəki maliyyə hesabatımıza baxsaq, görərik ki, artıq stabillik var. Ən böyük büdcəmiz infrastruktura yatırım qoyanda olub. Artıq bu yatırımlar bitdi. Hazırda millinin təlim-məşq bazası inşa olunur. Bununla da böyük infrastruktur yatırımı yekunlaşacaq. Lakin bölgələrdə və Bakıda məşq meydançalarına ehtiyacımız var. İstərdim ki, belə məşq meydançaları xüsusilə Gəncədə olsun.
- "Əlincə" klubunun stadionu, demək olar ki, istifadəsiz idi. Fikriniz varmı ki, gələcəkdə də bu stadionda oyunlar təşkil olunsun?
- Bildiyiniz kimi, klubun rəhbərliyi stadionun inşasını bu yaxınlarda tamamladı. U-17 Rusiya ilə oyunu məhz bu stadionda keçirdi. Bu, bir motivasiyadır. I Divizion hakimləri təlim-məşq toplanışlarını məhz bu stadionda keçirdilər. Burdan az da olsa, "Əlincə" klubu gəlir əldə edir. Gözəl stadiondur. Bu stadiondan maksimum istifadə etməliyik. "Əlincə" klubu özü də çalışır ki, stadiondan maksimum yararlansın.
- Çempionatda komandaların sayının artırılması məsələsi realdımı?
- Məncə, bu, real deyil. Bu məsələ iş adamlarından asılıdı. AFFA-ya çoxlu suallar gəlir. Klublarımızın sayının 12-14 olmasını istəyirlər. Təbii ki, biz də 14, hətta 16 komanda ilə çempionatın keçirilməsini istərdik. Ancaq bizə yaxşı mübarizəli çempionat lazımdır, danışılmış oyunlar lazım deyil. Son 10 ildə autsayder komandalar haqda şübhələr var idi. O dövrdə AFFA-da işləmirdim, bir azarkeş kimi baxırdım və fikirləşirdim ki, sonuncu yerdə gedən komandalar nədən ötrüdür? Onsuz da onlardan oyun alqı-satqısında şübhələnirlər. AFFA-da işləyəndən sonra gördüm ki, həqiqətən, bu problem var. Son pillələrdə olan komandalar danışılmış oyunlara meyilli ola bilərlər. 10 komanda qaldıqdan sonra isə bununla bağlı heç bir şübhə yoxdur. Ən böyük şübhəmiz "Simurq" və "İnter" arasında keçirilən oyunlaradır. Amma son dövrlərdə keçirilən oyunlarda daha çox heç-heçə qeydə alınır. "Turan" - "Neftçi" oyununu yadınıza salın. Mən bu qarşılaşmaya "faciəvi oyun" adını vermişdim. Heç birimizə belə oyunlar lazım deyil. Hesab edirəm ki, 12 komandanın çempionatımızda mübarizə aparması real deyil. Bu gün Peşəkar Futbol Liqasının rəhbərliyi çətin vəziyyətdədir. Ramin Musayevlə bu barədə müzakirələr aparırıq. Çempionatda 9 komandanın qalmağı mənfi haldır. Hətta 8 komanda qala bilərdi, ancaq AFFA rəhbərliyi bu işə qarışdı və müsbət təsiri oldu. Əminliklə deyə bilərəm ki, "Bakı" futbolçuları mövsümün sonuna qədər maaşlarını alacaqlar və oyunlara çıxacaqlar. Biz onlara söz vermişik. Real danışmaq lazımdır. Gəlin, görək, I Diviziondan güclülər dəstəsinə kim çıxacaq? "Rəvan"mı? "Rəvan" bir uşaq komandasını saxlaya bilmir. Bu klubun da borcları, lisenziyası məsələsi ilə bağlı problemi var. Başqa hansı klub gələ bilər?
- Deməli, növbəti mövsümdə də çempionatda 9 komanda iştirak edəcək?
- Yox, 10 komanda gözlənilir. Ancaq sonuncu komandanın hansı olacağını mən də bilmirəm.
- Klublar Komitəsinin (KK) PFL-ə alternativ qurum kimi yaradıldığını deyirlər. Siz də qeyd etdiniz ki, PFL çətin vəziyyətdədir. Həqiqətənmi, KK PFL-ə alternativdir?
- Hansısa klubun fəaliyyətini dayandırmasında PFL-in heç bir günahı yoxdur. Bu, Ramin Musayevin problemi deyil. Hansısa klub çempionatı tərk edirsə və ya maliyyə problemi ilə üzləşirsə, buna PFL nə etsin? Gəlin, bu məsələyə ilk növbədə hüquqi tərəfdən yanaşaq. PFL-in statusu, nizamnaməsi var və buna uyğun olaraq, fəaliyyət göstərir. Klublar Komitəsi isə AFFA-nn nəzdində yaradılan komitədir. Heç bir qeydiyyatdan keçməyib, yəni ayrıca bir qurum deyil. Onların işi, sadəcə tövsiyə xarakterlidir. Fikrimiz var ki, növbəti ildə Media Komitəsi yaradaq. Bu kimi komitələr çox olmalıdır ki, çempionatımızın təbliğatını, reklamını düzgün aparaq. Klublar Komitəsi yüz təklif irəli sürə bilər, ondan onunu İcraiyyə Komitəsi qəbul edə bilər.
- 21 və 23 yaşadək futbolçuların maaşlarına limitin qoyulması da birmənalı qarşılanmayıb...
- Bir neçə gün öncə bu məsələ müzakirə olundu. Təxminən 2 saatdan ibarət iki iclas keçirildi. Biz İcraiyyə Komitəsinin yeni qərarını mediaya da təklif etdik ki, görsünlər hər şey şəffaf keçirilir. Media da bütün bunlara öz fikrini bildirməlidir. KK-da işləyən heç bir insan AFFA-dan maaş almır. Sadəcə, onlar ayda 1 dəfə yığışıb, müəyyən müzakirələr aparıb, təkliflər verirlər. Buna görə biz onlara öz minnətdarlığımızı bildiririk. Klublar Komitəsi AFFA və PFL-ə ancaq yardım edir. Rövnəq Abdullayev təklif edəndə ki, belə bir qurum olsun, biz buna komitə adı verdik.