"Formula 1" üzrə Azərbaycan Qran-prisində kanalizasiya qapağının səbəb olduğu qəzada britaniyalı pilot Corc Rassellin idarə etdiyi maşın böyük zərərə uğrayıb.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, "Williams" komandasının rəhbəri Kler Uilyams zərərin hələ dəqiq hesablanmadığını bildirib. O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən kompensasiyanı indiyədək ala bilmədiklərini diqqətə çatdırıb: "Bakıda yarış təşkilatçıları ilə görüşdüm və aşkar şəkildə bildirdim ki, veriləcək kompensasiya komanda üçün vacibdir. Onlar çox qonaqpərvər insanlar idi və danışıqlar müsbət istiqamətdə irəliləyirdi. Biz bundan məmnunuq. Hətta bizə güllər də hədiyyə etdilər. Lakin danışıqlarda yeni bir mərhələyə qədəm qoymaq istərdim".
Dəymiş ziyanın həcmi barədə isə Uilyams qeyd edib: "Ziyanın ödənilməsi gecikir. Hazırda bərpa prosesləri davam edir və bütün işlər tamamlandıqdan sonra analistlər dəymiş ziyanın məbləğini biləcəklər".
Qəza səbəbindən komanda bu il maddi sıxıntılar yaşayıb. Lakin onlar kompensasiyanı tezliklə alacaqlarını ümid edirlər.
Qeyd edək ki, Corc Rassell Azərbaycan Qran-prisində sərbəst yürüş zamanı bolidini kanalizasiya lükünə ilişdirib.