Son zamanlar ciddi maliyyə sıxıntıları ilə üzləşən "Bakı”da mayın 6-da klubdaxili iclas olub. Sportnet.az-ın məlumatına görə, toplantıda futbolçular əmək haqqının gecikməsi ilə əlaqədar etirazlarını bildiriblər.
Onlar maaşları ödənilməyəcəyi halda, "Qəbələ” ilə bu günə nəzərdə tutulan Topaz Premyer Liqasının XXXIV tur matçına çıxmayacaqlarını deyiblər. Baş məşqçi Milinko Pantiçin də qatıldığı toplantıda klub rəhbərliyini vitse-prezident Yaşar Seyidov təmsil edib. Seyidov Sportnet.az-a açıqlamasında xəbəri təsdiqləyib: "Bəli, belə bir iclas oldu. Futbolçuların etirazlarına cavab olaraq, dedim ki, klubumuzun prezidenti Hafiz Məmmədov yaxın günlərdə Bakıya gələcək və yaranmış problemi həll edəcək. Baş məşçqimiz isə istənilən halda "Bakı”nın Qəbələyə yollanacağını bildirdi. İnşallah, bu gün səhər saatlarında səfərə çıxacağıq”.
Seyidov artıq "Bakı”nın Avropa Liqası iddialarından əl çəkdiyinə dair iddialara isə belə münasibət bildirib: "Açığı, "Qəbələ”nin finala çıxması və artıq 4-cü pillədə olması bu komandanın şanslarını artırıb. Amma biz də sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, "Bakı”da futbolçuların qiyamı ilə əlaqədar ilk xəbəri "sportinfo.az” saytı yayıb.