Azərbaycan qadın güləşçisi Mariya Stadnik 9 qat Avropa çempionluğu ilə əlaqədar təəssüratlarını bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı idmançı sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün məndən soruşdular ki, uzunmüddətli qələbələriniz üçün gücünüz nədədir? Mənim gücüm Allaha inamdadır. O, daim mənimlədir. Əllərimi sallayıb təslim olmaq istədikdə onun gücünü hiss edirəm", - deyən Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə çempionatında əldə etdiyi qızıl medala görə Allaha minnətdarlıq edib.
Titullu pəhləvan daha sonra sözlərinə əlavə edib: "İstəyirəm ki, bu medalı hazırda vətənim Ukraynanı qoruyan bütün insanlara, əsgərlərə, qəhrəmanlara həsr edim, belə çətin zamanda Ukraynanı dəstəkləyən Azərbaycan xalqına təşəkkürümünü bildirim. Qoy, bu qələbə evlərinizə sevinc gətirsin".
Qeyd edək ki, Mariya Stadnik həm də dünya çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibidir.