
Argentina futbolunun əfsanəsi Dieqo Maradona FİFA-nın Uruqvay yığmasının hücumçusu Luis Suaresi diskvalifikasiya etməsini kəskin tənqid edib. Sportnet.az-ın məlumatına görə, Maradona bu qərarı biabırçılıq adlandırıb.
1986-cı ilin dünya çempionu ironik formada Ali futbol qurumuna bəzi məsləhətlərini də verib: "Məgər Suares kimisə öldürüb? Elədirsə, qollarına qandal vurub Quantanamo təcridxanasına niyə aparmırlar? Futbolçu 1 ildir ki, dünya çempionatında oynamaq üçün dəridən-qabıqdan çıxır. Axı o, İngiltərə çempionatında 29 qol vurub. FİFA da onu mundialdan sildi. Bu, ağlasığmazdır. Yadınızdadır, Zinəddin Zidan DÇ-2006-nın finalında nə etmişdi? Buna baxmayaraq, FİFA ona "Qızıl top" verdi".
Qeyd edək ki, Suares İtaliya millisinin müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 4 ay və 9 oyunluq bu cəzaya məruz qalıb.