
Argentina yığması DÇ-2014-də dünən keçirilməli olan mətbuat konfransını ləğv edib. Sportnet.az-ın "Reuters"ə istinadən məlumatına görə, bu qərar xanım jurnalistin ölümünə görə verilib.
Mariya Soledad Fernandes San-Pauludan Belu-Orizontiyə gedərkən, avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun iki həmkarı xəsarət alıb.
Mətbuat konfransının ləğv edilməsi ilə bağlı xəbəri Argentina Futbol Assosiasiyasının baş katibi Xuan Karlos Krespi yayıb: "Xanım jurnalistin vəfatı futbolçularımızı xeyli kədərləndirib. KİV-dən üzr istəyirəm, lakin biz mətbuat konfransı keçirməyəcəyik".
Qeyd edək ki, Argentina millisi iyulun 5-də DÇ-2014-ün 1/4 final mərhələsində Belçika yığması ilə qarşılaşacaq.