
Braziliya yığması daha bir antirekorda imza atıb. Sportnet.az-ın məlumatına görə, "selesao" Braziliya futbolu tarixində bir mundialda ən çox qol buraxan milli olub.
Luis Felipe Skolarinin rəhbərlik etdiyi yığma DÇ-2014-də qapısında 14 qol görüb.
Qrup mərhələsində Xorvatiya və Kamerun, 1/8 finalda Çili, 1/4 finalda Kolumbiya yığmaları meydan sahiblərini hərəyə bir dəfə məyus edə biliblər. Yarımfinalda almanlardan 7 qol buraxan "pentakampeonlar", 3-cü yer uğrunda görüşdə Hollandiyadan daha 3 qol "yeyiblər".
Qeyd edək ki, bunadək Braziliya yığmasının ən çox qol buraxdığı mundial 1938-ci ilin dünya çempionatı olub. 76 il öncə "futbol sehrbazları"nın qapısından 11 qol keçirilib.