
Azərbaycanda keçirilən III MDB Oyunlarında bu gün 11 idman növü üzrə mübarizə gedəcək.
Sportnet.az-ın məlumatına görə, futbol və karate yarışlarına yekun vurulacaqsa, cüdoçular və güllə atıcıları ilk dəfə tamaşaçılar önünə çıxacaqlar.
Günün böyük maraqla gözlənilən qarşılaşması 16 yaşadək futbolçular arasında Azərbaycan - Rusiya finalı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq. Azərbaycan A qrupunun, Rusiya B qrupunun qalibi olub. Daha əvvəl Belarus yığması bürünc medala sahib çıxıb.
Qəbələ Olimpiya İdman Kompleksində saat 9:30-dan etibarən kişi və qadın badmintonçular fərdi, qoşa, qarışıq mübarizələrin yekununda finalçıları müəyyənləşdirəcəklər.
Xankəndi stadionunda kamandan oxatma üzrə oğlan və qız komandaları, eləcə də qarışıq komandalar arasında 1/4 final və yarımfinal görüşləri olacaq. Mübarizəyə saat 9:30-da başlanılacaq.
Mingəçevir "Kür" Olimpiya Mərkəzində saat 9:30-da karate üzrə növbəti çəki dərəcələrində mübarizə başlayacaq və medallaradək davam edəcək.
Gəncə Olimpiya İdman Kompleksində saat 10:00-dan etibarən oğlan və qız sərbəst güləşçilər mübarizə apararaq, medalçıları müəyyənləşdirəcəklər.
Gəncə İdman Sarayında saat 9:00-dan etibarən oğlan və qız güllə atıcıları 10 metr məsafəyə atış növündə qalib adı uğrunda yarışacaqlar.
Saat 11:00-da qılıncoynadanlar səhnəyə çıxacaqlar. Kişi və qadın sablyaçılar, eləcə də şpaqaçılar komanda yarışında 1/8 final, 1/4 final, yarımfinal və final görüşlərində üz-üzə gələcəklər.
Eyni məkanda saat 16:00-da kişi voleybolçular arasında qrup mərhələsinin son oyunları baş tutacaq. Saat 16:00-da Belarus - Özbəkistan, saat 18:30-da Azərbaycan - Rusiya matçı nəzərdə tutulub.
Şəki şəhər stadionunda saat 11:00-da çövkən üzrə Azərbaycan və Qazaxıstan yığmaları arasında yarımfinal görüşü başlanacaq. Digər yarımfinal oyununda Qırğızıstanla Özbəkistan üz-üzə gələcək.
Yevlax Olimpiya İdman Kompleksində saat 14:00-da qadın boksçuların final mücadilələrinə start veriləcək. Ümumilikdə 9 çəkidən 6-da Azərbaycanın xanım təmsilçiləri qızıl medal uğrunda vuruşacaqlar.
Göygöl Olimpiya İdman Kompleksində saat 10:00-dan etibarən cüdoçular tatami üzərinə çıxaraq, qalibləri müəyyyənləşdirəcəklər. Bu növ üzrə yarışlar iki gün davam edəcək.
Qeyd edək ki, indiyədək Azərbaycan ümumi hesabda 85 medalla (13 qızıl, 27 gümüş, 45 bürünc) üçüncü yerdə qərarlaşıb. İlk pilləni 117 medalla (73 qızıl, 27 gümüş, 17 bürünc) Rusiya, ikinci yeri 63 medalla (15 qızıl, 20 gümüş, 28 bürünc) Belarus tutur.