"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində Sebastyan Fettellə bağlı qərara apellyasiya verməkdən imtina edib.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə "Skuderiya"nın rəhbəri Mattia Binotto Beynəlxalq Avtomobil Federasiyasına ünvanladığı məktubda bildirib. Bu isə o deməkdir ki, Binotto şikayət üçün 96 saatlıq müddətdə rəsmi etiraz hüququndan yararlanmayacaq. Yəni, Kanada Qran-prisinin nəticələrini yekun saymaq olar.
7 mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton şəxsi hesabda Fetteli 62 xal qabaqlayır. Konstruktorlar Kubokunda isə "Mercedes" "Ferrari"dən 123 xal öndədir.
Qeyd edək ki, Kanada Qran-prisində finişə Sebastyan Fettel hamıdan tez çatıb. Lakin stüardlar onun yaşıllıq sahədən yola çıxarkən, "Mercedes" pilotu Lüis Hemiltona təhlükə yaratdığını iddia edərək, aktivindən 5 saniyə siliblər. Nəticədə Hemilton qalib, Ferrel isə 2-ci yerin sahibi olub.