"Formula 1" rəhbərliyi 2020 mövsümündə də Almaniya Qran-prisinin keçirilməsi üçün danışıqlar aparır.
Sportnet.az-ın "Frankfurter Allgemeine Zeitung"a istinadən verdiyi məlumata görə, bununla bağlı "Hokkenhaymrinq" trasına cavabdeh şəxslərə müraciət olunub. Qarşı tərəf isə öz növbəsində "Formula 1"lə təmaslarda olduğunu təkzib etməyib və əməkdaşlığın bərpasına hazır olduğunu bildirib.
Ötən il Almaniya Qran-prisi mövsümün ən baxımlı yarışlarından biri olub. Bu mövsümün təqvimində isə "Hokkenhaymrinq" trası nəzərdə tutulmamışdı. Lakin bir sıra mərhələlərin ləğvi və ya təxirə salınması Almaniyanı Qran-prini keçirməyə mümkün namizədlər siyahısına qaytarıb.
Teleşirkətlərlə müqaviləyə əsasən, "Formula 1" bu mövsüm ən azı 15 mərhələ təşkil etməlidir. Buna görə də bütün variantlar nəzərdən keçirilir.
Qeyd edək ki, bu gün "Bild" nəşri mövsümün yeni təqvimini dərc edib. Həmin təqvimə əsasən, təxirə salınmış Azərbaycan Qran-prisi sentyabrın 6-da keçiriləcək.