Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sportnet.az-a verilən məlumata görə, mayın 1-dək davam edəcək prosesdə trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyü çəkiləcək və həmçinin bütövlükdə trekə baxış keçiriləcək. Ehtiyac olan yerlərdə asfalt örtüyündə təmir-bərpa işləri aparılacaq.
BŞH-nın Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar aparılacaq işlərin üç mərhələdə həyata keçiriləcəyini bildirib: "15 - 19 apreldə trekin 15 və 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq. 20 -23 apreldə əhatə edən ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək. Asfalt çəkilişinin sürətli şəkildə reallaşdırılması üçün 15 - 23 apreldə ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin buradan da Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sonuncu mərhələyə aprelin 23-də start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək. Günboyu aparılan işlər zamanı trekin keçdiyi küçələrdə nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz hərəkətinin təmin olunmasına xüsusi diqqət yetirilir”.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 - 25 mayda Bakıda keçiriləcək.