İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşündə "Formula 1" üzrə Azərbaycan Qran-prisindən bəhs edilib.
Bakı Şəhər Halqasından (BŞH) Sportnet.az-a verilən məlumata görə, italiyalı nazir burada ilk dəfə səfərdə olduğunu və paytaxt Bakını birinci dəfə bu yarış sayəsində gördüyünü söyləyib.
O, Azərbaycanın möhtəşəm ölkə olduğunu bildirib: "Əsrarəngiz Bakını yalnız "Formula 1" Qran-prisi sayəsində görmüşdüm. Şəhər çox gözəldir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə, hazırkı vaxtda regionunuzda lidersiniz və bu münasibətlə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik".
Xatırladaq ki, Azərbaycan artıq 6-cı ildir nüfuzlu beynəlxalq idman yarışında dünyanın qabaqcıl ölkələri ilə bir arada təmsil olunur. Növbəti Azərbaycan Qran-prisi bu il 10 - 12 iyunda baş tutacaq.