
Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
Sportnet.az xəbər verir ki, bu nəticə ilə milli komanda medal əyarına görə Yaponiya və Almaniyadan sonra ümumi sıralamada üçüncü, kişilər arasında isə Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.
Yarışın ilk günündə Azərbaycan cüdoçuları iki bürünc medal əldə edib. 60 kq çəki dərəcəsində Əhməd Yusifov, 66 kq çəkidə isə Elşən Əsədov üçüncü yeri tutub.
İkinci yarış günü Azərbaycan yığması üçün daha məhsuldar olub. 81 kq çəkidə Zelim Tçkayev bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəkidə Rəşid Məmmədəliyev gümüş medal, eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal əldə edib.
Sonuncu yarış günündə 100 kq çəkidə Əjdər Bağırov və 100 kq-dan yuxarı çəkidə Kənan Nəsibov 5-ci yeri, Uşanqi Kokauri isə 7-ci yeri tutub.