
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) döşək üzərinə çıxacaq.
Eyni zamanda daha dörd yunan-Roma güləşçisi medal görüşündə gücünü sınayacaq. Eldəniz Əzizli (55 kq) finalda Emin Seferşayevlə (UWW), Murad Məmmədov (63 kq) bürünc medal uğrunda Tino Ojala (Finlandiya) - Vitali Yeriomenko (Ukrayna) cütünün qalibi ilə, İslam Abbasov (87 kq) isə Karen Xaçatryan (Ermənistan) - Yaroslav Filçakov (Ukrayna) duelinin güclüsü ilə üz-üzə gələcək. Beka Kandelaki (130 kq) təsəlliverici qarşılaşmada David Ovasapyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıb.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub.
Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.