
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi və performans direktoru Riçard Trautman 2024-cü il Paris Yay Olimpiya Oyunlarında əldə etdikləri inanılmaz nailiyyət barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu barədə Monteneqronun paytaxtı Podqoritsada Avropa çempionatına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
Trautman yeni başladığı vaxt Azərbaycan millisində işlərinin asan getmədiyini etiraf edib: "Hər şey adət etdiyimdən fərqlənirdi. Lakin biz böyük arzular və nəhəng potensialla bir istiqamətdə çalışan güclü komanda ola bildik. Bizə sadəcə, lazımi idmançıları tapmaq, onlara konsepsiya və ümid vermək lazım idi. Bunların qarşılığını Parisdə aldıq".
56 yaşlı mütəxəssis növbəti addımın kişilərdən ibarət milli qədər güclü qadın millisi yaratmaqdan ibarət olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Paris-2024 olimpiadasında Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb.