
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə qarışıq komanda mübarizəsi Azərbaycan millisi üçün erkən başa çatıb.
Sportnet.az xəbər verir ki, 1/8 final mərhələsində Gürcüstan yığmasına qarşı görüş məğlubiyyətlə yekunlaşıb - 0:4.
Komanda üzvlərindən Rəşid Məmmədəliyev (73 kq) Laşa Şavdatuaşviliyə, Zelim Kotsoyev (+90 kq) Quram Tuşişviliyə, Fidan Əlizadə (57 kq) Eteri Lipartelianiyə, Günel Həsənli (+70 kq) isə Sofio Somxoşviliyə uduzub.
Beləliklə, Azərbaycan cüdoçuları yalnız fərdi çıxışlardakı 1 gümüş, 4 bürünc medalla kifayətlənməli olublar. 100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıb. Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (60 kq) isə 7-ci pillədə tamamlayıb.
Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-cı yeri tutub.
Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə cüdoçular qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.
Xatırladaq ki, Azərbaycanı Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.
---------------------------
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında bu gün qarışıq komandalar mübarizə aparacaqlar.
Sportnet.az xəbər verir ki, 15 ölkənin qatıldığı yarışda Azərbaycan da təmsil olunacaq.
Rəqib isə Gürcüstan yığmasıdır. Qarşılaşma 1/8 finala təsadüf edəcək.
Fərdi yarışlarda Gürcüstan 2 qızıl, 2 gümüş medalla 3-cü, Azərbaycan 1 gümüş, 4 bürünc medalla 10-cu yeri tutub.
Qaydalara əsasən, qarışıq komanda yarışında hər bir komandanın heyətində 3 kişi, 3 qadın cüdoçu yer alır. Kişilər 73 kq, 90 kq və 90 kq-dan yuxarı, qadınlar 57 kq, 70 kq və 70 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparırlar. Qarşılaşma 4 qələbəyədək davam edir. Heç-heçə qeydə alınacağı təqdirdə, püşk yolu ilə çəki dərəcəsi seçilir və həmin çəkidəki iki cüdoçu arasında qalibi müəyyənləşdirmək üçün görüş keçirilir.