2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatında yeni qaydalar tətbiq olunacaq.
Sportnet.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) fevralın 28-də təsdiqlədiyi dəyişikliklər rəsmi olaraq iyulun 1-dən qüvvəyə minəcək. Lakin bəzi turnirlərdə, o cümlədən 2026-cı il dünya çempionatında bu yeniliklər artıq iyun ayında istifadə ediləcək.
Yeni qaydaların əsas məqsədi oyunda vaxt itkisini azaltmaq, futbolçuların intizamını gücləndirmək və VAR sisteminin imkanlarını genişləndirməkdir.
Ən diqqətçəkən dəyişikliklərdən biri əvəzləmələrlə bağlıdır. Meydanı tərk edən futbolçu bunu 10 saniyə ərzində etməlidir. Əks halda, onun əvəzinə meydana daxil olacaq oyunçu yalnız bir dəqiqə sonra oyuna qoşula biləcək.
Vaxt uzatmalarının qarşısını almaq məqsədilə qapı zərbələri və aut atışları üçün də beş saniyəlik limit tətbiq ediləcək. Komanda müəyyən olunmuş vaxt çərçivəsinə əməl etməzsə, top rəqibə veriləcək və ya rəqib komandanın xeyrinə künc zərbəsi təyin olunacaq.
VAR sisteminin səlahiyyətləri də genişləndirilir. Video köməkçi hakimlər artıq yalnız qol, penalti və birbaşa qırmızı vərəqə epizodlarında deyil, həmçinin səhv göstərilmiş ikinci sarı vərəqə, qaydanı pozan oyunçunun yanlış müəyyənləşdirilməsi və bəzi digər mübahisəli vəziyyətlərdə də müdaxilə edə biləcəklər.
Tibbi prosedurlarda da dəyişiklik nəzərdə tutulub. Meydanda tibbi yardım alan futbolçu əksər hallarda oyuna qayıtmazdan əvvəl ən azı bir dəqiqə meydandan kənarda qalmalı olacaq. Bu addım simulyasiya və süni fasilələrin sayını azaltmağa yönəlib.
İntizam qaydaları da sərtləşdirilir. Hakim qərarlarına etiraz əlaməti olaraq nümayişkaranə şəkildə meydanı tərk edən futbolçular və rəsmi şəxslər qırmızı vərəqə ala biləcəklər. Həmçinin qeyri-idman davranışlarına, o cümlədən təhqiramiz ifadələrin gizlədilməsinə yönəlmiş hərəkətlərə görə də cəzalar tətbiq olunacaq.
Bundan əlavə, futbolçuların sağlamlığının qorunması məqsədilə hər hissənin ortalarında məcburi su fasilələri nəzərdə tutulacaq.


















































































