
İtaliyanın Kaorle şəhərində keçirilən 20 yaşadək güləşçilər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvləri final görüşlərinə çıxıblar.
Sportnet.az xəbər verir ki, hər 3 yunan-Roma güləşçisi məğlubiyyətlə üzləşərək, gümüş medalla kifayətlənib.
Turan Daşdəmirov (55 kq) rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan daha 5 yunan-Roma güləşçisindən Ayxan Cavadov (60 kq) finala yüksəlib. Onun həlledici görüşdə rəqibi isveçli Adam Silverin olacaq. Fəraim Mustafayev (60 kq) və Elmin Əliyev (82 kq) bürünc medal görüşünə çıxacaqsa, Seymur Qasımov (72 kq) təsəlliverici qarşılaşmada mübarizə aparacaq.